[center]

[/center]
Ağsu Regional Qaz İstismar İdarəsinin fəaliyyəti ilə bağlı ciddi iddialar gündəmə gəlib. İdarənin rəisi Səbuhi Qasımov və baş mühəndis vəzifəsini icra edən Əfqan Yusifovun rəhbərliyi altında qaz xətlərinin mühafizə zonasında yerləşən obyektlərlə bağlı qanunsuz pul tələbi və rüşvət alınması iddiaları səsləndirilir.
İddialara görə, bəzi obyekt sahiblərindən torpaq sahələrinin və ya tikililərinin qaz xəttinin mühafizə zonasında yerləşməsi əsas gətirilərək müəyyən məbləğdə pul tələb olunur. Bildirilir ki, həmin ödənişlərdən sonra obyekt sahiblərinə müvafiq icazə sənədləri təqdim edilir.
Məsələ ilə bağlı yayılan videoda Ağsu Xidmət Sahəsinin rəisi Həbib Quliyev, Qəza Bərpa Xidmətinin rəisi Nemət Soltanov və sürücü Rəşad Piriyev görünür.
Videoda Nemət Soltanovun laqonda vasitəsilə qaz xəttinin mühafizəsi məqsədilə quraşdırıldığı bildirilən lövhəni kəsərək ərazidən götürdüyü əks olunur.
Hadisə ilə bağlı bir sıra suallar yaranır: Sözügedən lövhə hansı əsasla götürülüb? Bununla bağlı rəsmi qərar olubmu? Lövhənin kəsilməsi barədə göstərişi kim verib?
Bununla yanaşı, obyekt sahiblərindən pul tələb edilməsi ilə bağlı iddiaların da aidiyyəti qurumlar tərəfindən araşdırılmasına ehtiyac var. Əgər bu iddialar təsdiqini taparsa, məsələyə hüquqi qiymət verilməsi zərurəti yaranacaq.
Redaksiyamız SOCAR rəhbərliyinə, “Azəriqaz” İstehsalat Birliyinə və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edərək səsləndirilən iddiaların araşdırılmasını, videoda əks olunan hadisəyə və lövhənin götürülməsinin hüquqi əsaslarına aydınlıq gətirilməsini vacib hesab edir.
Eyni zamanda iddialar səslənir ki, Əfqan Yusifovun göstərişi ilə regiona tabe olan bütün rayonlarda mühafizə zolağı adı altında sahibkarlardan pullar yığılması mövcuddur. Hətta mühafizə zolağına düşməyən obyekt sahibləri də bu yolla aldadılır. Bununla bağlı mətbuatda da şikayətlər olub. Səbuhi Qasımovun ağsaqqal hesab etdiyi Həbib Quliyev bu məsələdə peşəkardır.
Qarşı tərəfin mövqeyi dərc olunacaq
Qeyd edək ki, yazıda adları çəkilən şəxslərin və Ağsu Regional Qaz İstismar İdarəsinin mövqeyini öyrənməyə hazırıq. Səbuhi Qasımov, Əfqan Yusifov, Həbib Quliyev, Nemət Soltanov və digər aidiyyəti şəxslərin açıqlamaları, təkzibləri və redaksiyaya təqdim edəcəkləri sənədlər dərc olunmağa hazırdır.
Redaksiyamız heç kəsi əvvəlcədən təqsirli hesab etmir. Məqsədimiz səsləndirilən iddiaların obyektiv araşdırılması, ictimaiyyətin məlumatlandırılması və məsələyə aydınlıq gətirilməsidir.
Ağsuda baş verənlərə aidiyyəti qurumlar tərəfindən rəsmi münasibət bildirilməsini gözləyirik...
KANAL15tv.com