[center]

[/center]
İnzibati işlər üzrə direktor müavini Orxan Ənvərli əlil arabasına ömürlük məhkum olunmuş I dərəcəli əlilliyi olan şəxsi döyməyə cəhd edib!
"Mən, Vüqar Sadıqov, I dərəcəli əlilliyi olan və əlil arabasında hərəkət edən vətəndaşam. 16.11.2026-cı il tarixindən Abşeron Mərkəzi Xəstəxanasının terapiya şöbəsində stasionar müalicə alıram..." "[b]DİA-AZ[/b]" xəbər verir ki, bu barədə ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Əvvəlcə qeyd etmək istəyirəm ki, xəstəxananın direktoru Hacı həkimdən, baş həkim Rafiq həkimdən, Terapiya şöbəsinin müdiri Rəsmiyyə həkimdən, həmin şöbənin bütün əməkdaşlarından və həkimlərindən, eləcə də müalicə həkimim Elçin həkimdən çox razıyam. Onların xəstələrə münasibətini, diqqət və qayğısını yüksək qiymətləndirirəm.Onlar hər gün səhər saatlarında xəstələrin vəziyyəti və problemləri ilə maraqlanır, öz vəzifə borclarını vicdanla yerinə yetirirlər. Lakin eyni sözləri xəstəxananın İnzibati işlər üzrə müavini Orxan Ənvərli barədə deyə bilmərəm. Məqsədim qanun çərçivəsində haqqın yerini tapması, mövcud çatışmazlıqların aradan qaldırılması və ədalətin bərpa olunmasıdır.
20.11.2026-cı il tarixində səhər baxışı zamanı mən xəstə çarpayısında uzanmış vəziyyətdə olarkən və qoluma sistem köçürülərkən, xəstəxananın rəhbərliyinə terapiya şöbəsindəki mövcud inzibati və təsərrüfat problemləri ilə bağlı qanuni iradlarımı bildirdim:
Terapiya şöbəsində yemək stullarının çatışmazlığı səbəbindən xəstələr böyük çətinlik çəkir, məcburiyyətdən bir stulda iki xəstə əyləşərək yemək yeyir;
Yağış yağarkən xəstəxananın üçüncü mərtəbəsinin dəhlizlərinə su yığılır, dəhlizlər su altında qalır, sanitariya işçiləri əziyyət çəkir və suyu yığmaq üçün yerə mələfələr sərilir.
Mən bu problemləri qeyd etdikdə İnzibati işlər üzrə müavin Orxan Ənvərli heç bir əsas olmadan məni "şər-böhtan atmaqda" ittiham etdi. Bildirdim ki, haqqı demək və şöbədəki real vəziyyəti söyləmək şər-böhtan deyil; inzibati işlər üzrə müavin öz vəzifə öhdəliklərini icra etmir, xəstələrin təsərrüfat və xidmət problemləri ilə maraqlanmır, əsasən otaqda oturmaqla kifayətlənir.
Bundan sonra Orxan Ənvərli tamamilə qeyri-adekvat və aqressiv davranış sərgiləyərək, xəstə çarpayısında uzanmış və sistem altında olan I dərəcəli əlil vətəndaşın, mənim üzərimə iki dəfə hücum etməyə (cummağa) cəhd göstərdi. Bu hadisə xəstəxananın direktoru Hacı həkimin, baş həkim Rafiq həkimin, terapiya şöbəsinin müdiri Rəsmiyyə xanımın və müalicə həkimim Elçin həkimin gözü qarşısında baş vermişdir. Onların müdaxiləsi olmasaydı, Orxan Ənvərli mənə fiziki zorakılıq tətbiq edə, hətta məni döyə bilərdi. Adıçəkilən şəxslərin vaxtında müdaxilə edərək Orxan Ənvərlini saxlaması hadisənin daha ağır nəticələrə səbəb olmasının qarşısını aldı. Bu səbəbdən Hacı həkimə, Rafiq həkimə, Rəsmiyyə xanıma və Elçin həkimə vaxtında müdaxilələrinə və göstərdikləri köməyə görə öz təşəkkürümü bildirirəm. Bildirirəm ki, mən I dərəcəli əlilliyi olan, əlil arabasından istifadə edən şəxsəm. Hadisə zamanı səhhətimlə əlaqədar kəskin ağrılar keçirirdim və emosional gərginlik səbəbindən hisslərimi cilovlamaqda çətinlik çəkirdim. Qarşı tərəfin əvvəllər bıçaqlandığını nəzərə alaraq ona: «Yəqin ki, bu hərəkətlərinə görə səni bıçaqlayıblar» ifadəsini işlətmişəm. Bu sözlər hər hansı qərəz, təhdid, qorxutma və ya zorakılıq niyyəti ilə deyil, yalnız fiziki ağrı və emosional gərginliyin təsiri altında səsləndirilib. Heç bir şəxsə qarşı zorakılıq etmək və ya sağlamlığına zərər vurmaq niyyətim olmayıb. İfadəmin təhdid kimi qiymətləndirilməsini qəbul etmirəm. Ona bıçaq vuran şəxsə haqq qazandırmıram, lakin onu bıçaqlayan şəxs sakit təbiətli insan olub, pis insan olmayıb.
I dərəcəli əlilliyim olduğu halda yanımda müşahidəçi olmadığı üçün məndən müşahidəçi ödənişi tələb edilməsi əsassızdır. Orxan Ənvərli palatada mənə “Niyə ödəniş etmirsən, ödəniş et” deyərək ödəniş tələb etmişdir. Belə ödəniş yalnız qanuni əsas və rəsmi tarif olduqda kassaya ödənilə bilər. Hadisə ilə bağlı xəstəxananın direktoru Hacı həkim ona irad bildirmişdir.
Xəstəxana əməkdaşlarının bildirdiklərinə və iddialarına görə, Orxan Ənvərli mənim yatdığım palatadan çıxarkən terapiya şöbəsinin sanitar işçiləri olan xanımlara qarşı yüksək səslə və kobud şəkildə qışqırıb. Unutmayaq ki, hər birimizi dünyaya gətirən anadır. Hər birimizin anası, bacısı və ailəsində xanımı var. Qadına hörmət kişiliyin göstəricisidir. Bir xanımın üzərinə qışqırmaq, onu alçaldıcı tərzdə danışdırmaq kişiyə yaraşan hərəkət deyil və kişilik adına sığmır. Vəzifə heç kimə başqalarını təhqir etmək və alçaltmaq hüququ vermir. Bu cür davranışlara göz yumulmamalıdır.
Abşeron RMX-də inzibati işlər üzrə direktor müavininin tabeliyində olan Xəstə Xidmətləri şöbəsində pasiyentlərin ambulator kitabçalarının məxfiliyi pozulur. Məsul işçi olduğu halda vətəndaşların kitabçaları sərbəst götürərək digər şəxslərin tibbi məlumatları ilə tanış olması yolverilməzdir. Bu hal Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 53-cü maddəsində nəzərdə tutulan həkim sirrinin qorunması, həmçinin Fərdi məlumatlar haqqında Qanunun tələbləri baxımından araşdırılmalıdır. Hadisəni əks etdirən video aşağıda təqdim olunur.
Sonda TƏBİB rəhbərliyindən bir xahişim var: Baş vermiş hadisələri araşdırmadan, şahidlərin ifadələrini dinləmədən və xəstəxana rəhbərliyindən məlumat almadan birtərəfli qərarlar verməyin. Hadisələri ört-basdır etmək, trollar vasitəsilə ictimai rəyi yönləndirmək və əsassız təriflərlə özünüzü haqlı göstərmək əvəzinə, xəstəxanada baş verən haqsızlıqları obyektiv araşdırın və qanun çərçivəsində tədbir görün. Şahidlərin gözü qarşısında baş vermiş hadisəyə görə vətəndaşı əsassız şəkildə günahkar çıxarmaq vicdanlı və ədalətli yanaşma deyil. Məqsəd kimisə günahlandırmaq deyil, həqiqətin üzə çıxması və ədalətin təmin olunmasıdır..."
[center]

[/center]