[center]

[/center]
Vitamed Hospitalda əməliyyat olunan Həsənova Xədicə Eldəniz qızı Sehhet.info-ya şikayət məktubu göndərib.
Şikayətçi[b] Sehhet.info[/b] -ya müraciətində bunları bildirir: "Mən Həsənova Xədicə Eldəniz qızı, 13.08.1988 təvəllüdlü onkoloji xəstə, 21.07.2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda İnstitutun II Doğum şöbəsinin müdiri, həkim mama-ginekoloq Tənzilə Əliyevanın vasitəsilə Vitamed Hospitalın ümumi cərrahı Anar Yusibovun yanına göndərildim. Getdik. Nə problemim var, hamısını özüm və valideynlərim danışdı. Hətta dəfələrlə vurğuladıq ki, onkoloji xəstədir. Mümkündür etmək, əməliyyat edin, mümkün deyilsə, gecdirsə, etməyin. Biz heç kimi əməliyyat etməyə zorla məcbur etməmişik.
Orada məni baş həkim, anestezioloq Gündüz İbadov və ümumi cərrah Anar Yusibov qəbul etdi və xəstəxanaya yatırtdı. Valideynlərimlə və mənimlə söhbət etdi və sənədləri nəzərdən keçirib dedi ki, uşaqlığı tamamilə çıxaracağam. Biz də hamılıqla razılaşdıq. Hətta cərrahi əməliyyatın yüksək məbləğdə olduğunu dedi, gücünüz çatacaqmı, maddiyyat yerində olsun əsas dedi. Dedik, xəstə təki ayağa qalxsın, yerisin. Nə istəsən, verəcəyik.
19.000 manat əməliyyata pul verdik, albumin və digər dərmanları özümüz aldıq. Gecə-səhər növbəsi fərq etməz, təmizlik işçiləri, tibb bacıları 5 manat hərəsinə verməsən, gəlib baxmırdılar, nə qədər çağırsan da. Natəmizlik baş alıb gedirdi. Təəssüf ki, böyük məbləğli prosedurlarda Vitamed Hospital çek vermirdi. Həkimin birbaşa özünə ödənilirdi. Qayda-qanun belədir.
Bununla da qalmayıb. Sənəddə göstərilib ki, guya əməliyyatı ümumi cərrah Anar Yusibov, anestezioloq Gündüz İbadov və mama-ginekoloq Vüsalə İbadova edib. Əslində isə 22.07.2026-cı ildə mənə uşaqlığın çıxarılması əməliyyatı edəcəyəm deyib əməliyyata saldı. Təəssüflər olsun ki, əməliyyatdan çıxanda mənim digər orqanlarımı da götürdüyü bəlli oldu. Ancaq nə mənim, nə valideynlərimin icazəsi olmadan. Sidik kisəsi, bağırsaq, limfaları özbaşına götürərək total pelvik ekzenterasiya əməliyyatı edib.
Cinsi orqanımı da, bədənimdə olan bütün tikişləri də assistenti Murad Nəsibli adlı biri tamamilə tikib. Hətta sidik axarlarını da açıb çanağa qoyub, Murad Nəsiblin yöndəmsiz şəkildə taxdığı drenajlardan asılı qoyub məni. Yalandan da deyir ki, limfa mayesi içəridən gələn axıntı üçündür bu drenajlar. Hətta lağa qoyarcasına deyir ki, Murad Nəsibli: “Ay Xədicə xanım, içində bulaq var eeeey. Maye bitmir”. Ta demirlər ki, sidik axarlarını qarın boşluğuna atmışıq, ordan gələn sidikdir. Sizcə, sidik dayanar mı ki, o drenajlardan maye gəlməsin?
İndiyədək hələ də drenajlar mənim bədənimdədir. Hazırda ölümcül vəziyyətdəyəm. İndi isə əməliyyat edib sidik axarlarını bağlayıb məni drenajlardan azad etmir ki, bədənin zəifdir. Əməliyyat əsnasında infeksiya keçib deyə əməliyyat etdiyi bütün nahiyələrim tamamilə salxım şəkilli səpib. Ancaq deyir, mən heç nə etməmişəm. Səndə dəri xərçəngi inkişaf edib. Yayılıb, mən heç nə edə bilmərəm. Get kimyaterapiya al. Məni o yaralar ilə kimyaterapiya həkimi qəbul etmir ki, risklidir.
Mən yataq xəstəsiyəm axı. Nə edibsə, əməliyyatda sağ ayağım dizdən yuxarı qasığa qədər işləmir, şiddətli ağrıyır. Mən nə edəcəyimi bilmirəm. Özümə qəsd etməyi qərara almışam. Əgər mənə nəsə olsa, günahkar Vitamed Hospitalda çalışan ümumi cərrah Anar Yusibov, baş həkim Gündüz İbadovdur, assistent Murad Nəsiblidir".
Şikayətçi hazırkı sağlamlıq vəziyyətini əks etdirən bir çox fotoşəkilləri də redaksiyamıza təqdim edib. Lakin oxucuların həssaslığını və etik prinsipləri nəzərə alaraq, təqdim olunan görüntülər arasından yalnız dərc üçün uyğun hesab edilən fotoları seçdik.
Qeyd edək ki, məsələ ilə bağlı adıçəkilən həkimlərin və Vitamed Hospitalın mövqeyini öyrənməyə və onların açıqlamasını dərc etməyə hazırıq.