Bakı ilə London arasında möhtəşəm yenilik: 4 istiqamətdə imkan yarandı - ŞƏRH

  • A-
  • A
  • A+
Gündəm / Siyasət | Yesterday, 12:49

[center][/center]
Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Bakı-London münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Noyabrın 12-də Dublində Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin iştirakı ilə imzalanan sənəd müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, nəqliyyat, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Xüsusilə Böyük Britaniyanın Avropanın aparıcı siyasi və iqtisadi güclərindən biri, eyni zamanda Azərbaycanın enerji sektorunda ən böyük xarici investorlardan olması bu sənədin geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırır. Yeni bəyannamə iki ölkə arasında mövcud əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsinə, siyasi dialoqun dərinləşməsinə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına zəmin yaradır.
Maraqlıdır, bu bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq mövqelərinə və regional siyasətinə hansı üstünlükləri qazandıracaq? Bakı-London münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda hansı yeni imkanlar yarada bilər? Azərbaycanın indiyədək hansı ölkələrlə Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamələr imzalayıb və Böyük Britaniya ilə əldə olunan razılaşmanın həmin sənədlər arasında yeri nədir?
[b]Globalinfo.az[/b]-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında imzalanmış strateji tərəfdaşlıq sənədi bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir:
“Sənəddə diqqət çəkən əsas istiqamətlərdən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Böyük Britaniya bu sahədə dünyada ön sıralarda olan ölkələrdən biridir. Bu dövlətin Azərbaycana müdafiə və təhlükəsizlik istiqamətində dəstək verməsi olduqca ciddi əhəmiyyət daşıyır. Nəzərə alaq ki, söhbət Qərbin aparıcı dövlətlərindən birindən gedir. Böyük Britaniya Avropanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən biridir. Bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın geostrateji mövqeyi baxımından da əhəmiyyətlidir.
Eyni zamanda, maliyyə və iqtisadiyyat sahələrində də geniş əməkdaşlıq perspektivləri mövcuddur. Bu istiqamətlər də bəyannamədə öz əksini tapıb. Şübhəsiz ki, sənəd Böyük Britaniyanın maliyyə sektorunun Azərbaycan iqtisadiyyatına daha fəal investisiya yatırması baxımından mühüm imkanlar yaradır. London dünyanın əsas maliyyə mərkəzlərindən biridir. Bu baxımdan, Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq investisiya imkanlarının genişlənməsinə də töhfə verə bilər.
Digər mühüm məqam Azərbaycanın xarici siyasətində çoxvektorlu yanaşmanı davam etdirməsidir. Böyük Britaniya ilə belə bir sənədin imzalanması ölkəmizin müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurduğunu bir daha nümayiş etdirir. Azərbaycan öz xarici siyasətində müstəqil xətt yürüdür və müxtəlif istiqamətlərdə tərəfdaşlıqlarını genişləndirir.
Bu, həm də Azərbaycanın Cənubi Qafqazda aparıcı mövqeyinin göstəricilərindən biridir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi ölkəmizin beynəlxalq siyasi və iqtisadi əlaqələrinin daha da şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Bu, Azərbaycanın regional proseslərdə rolunu gücləndirməklə yanaşı, beynəlxalq tərəfdaşları ilə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına da şərait yaradır.
Beləliklə, Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanması yalnız ikitərəfli əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və regional geosiyasi proseslərdə mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli perspektivlər vəd edir”.


2 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti