"Villa Badam"da milyonluq qalmaqal - Evlər bank girovunda, alıcılar əmlakını ala bilmir

  • A-
  • A
  • A+
Cəmiyyət | Today, 17:27

[center][/center]
Bakıda 240 min manat ödəyərək aldığı evi adına rəsmiləşdirə bilməyən qadının məhkəməyə müraciəti əsasında bir sıra əmlakların özgəninkiləşdirilməsi qadağan edilib.
Qaynarinfo-nun məlumatına görə, İskəndərova Ofelya Sayılxan qızı cavabdehlər “F.İ.P” MMC və Əkbərov Fərid Fikrət oğluna qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı məhkəməyə müraciət edib.
İddia ərizəsinə əsasən, Ofelya İskəndərova ilə “F.İ.P” MMC arasında 2023-cü ildə bağlanmış müqaviləyə əsasən, şirkət Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Villa Badam” yaşayış kompleksində 338 kvadratmetr sahəsi olan fərdi yaşayış evini və ona aid 0,113 hektar torpaq sahəsini alıcıya verməyi öhdəsinə götürüb.
Qadın evin dəyəri olan 240 min manatı tam ödəsə də, üç ildən artıq vaxt keçməsinə baxmayaraq, əmlak onun adına rəsmiləşdirilməyib. Şirkət tərəfindən verilən maliyyə arayışında da evin dəyərinin tam ödənildiyi və alıcının borcunun olmadığı təsdiqlənib.
İş materiallarında Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işinin başlanması haqqında qərarına da istinad edilib. Həmin sənəddə “Villa Badam” layihəsi üzrə evlərin alıcılara satılmazdan əvvəl banklar qarşısında yüklü edilməsi və bununla bağlı alıcılardan pul alınması halları əksini tapıb.
Qərarda Əkbərov Fikrət Əsgər oğlunun fəaliyyəti ilə bağlı Ofelya İskəndərovadan 240 min manat alınması faktı da göstərilib. Digər alıcılarla bağlı məbləğlər də nəzərə alındıqda, sənəddə sadalanan altı ödənişin ümumi məbləği 2 milyon 550 min manat təşkil edir.
İddiaçı əsas tələb kimi evin və torpaq sahəsinin ipoteka və digər yüklülüklərdən azad edilərək ona verilməsini istəyib. Bu mümkün olmadığı təqdirdə isə ödədiyi 240 min manatın cavabdehlərdən tutulmasını tələb edib.
Məhkəmə ərizəyə baxaraq müvəqqəti təminat tədbirinin qismən tətbiqinə qərar verib. Belə ki, “F.İ.P” MMC-yə məxsus “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən 7 mənzilli 3A saylı binanın özgəninkiləşdirilməsi qadağan edilib.
Bundan başqa, Abşeron rayonu, Saray qəsəbəsində Əkbərov Fikrət Əsgər oğlunun adına qeydə alınmış 0,2870 hektar torpaq sahəsinin də özgəninkiləşdirilməsinə qadağa qoyulub.
Məhkəmə digər əmlakların həbsə alınması ilə bağlı tələbi təmin etməyib.
Qərardad dərhal icra edilməlidir.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti