[center]
[/center]
Öz qulluq mövqeyindən istifadə edərək vəzifə saxtakarlığına yol verən, müştərilərin pullarını mənimsəyən “Unibank”ın vəzifəli şəxsi ifşa olunub.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı bankın Kəpəz filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi Qasımov İslam Qiyami oğlu cinayət məsuliyyətinə cəlb edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, İslam Qasımov kredit üçün banka müraciət edən şəxslərin bir çoxunu eyni üsulla aldadıb. O, 10-15 min manat kredit götürən müştərilərə kreditin ilk 9 ayının ödənişinin bəribaşdan ödənilməsini bildirib. Müştərilər isə müvafiq olaraq 2-5 min manatı Qiyami Qasımova təqdim ediblər.
Bank əməkdaşının əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 296.1 və 313-cü maddələri ilə cinayət işi açılıb. Araşdırmalarla 1992-ci il təvəllüdlü təqsirləndirilən şəxsin əməlləri nəticəsində 21 nəfərin zərər gördüyü müəyyənləşib.
Bundan başqa, İ.Qasımov başqasına aid bank kartını ələ keçirərək, onun razılığı olmadan həmin şəxsin adına da 6 min manat kredit götürüb. Mikromaliyyələşdirmə üzrə baş mütəxəssis təsdiq üçün bankın informasiya sisteminə öz mobil nömrəsini qeyd edib.
O, eyni zamanda banka 5 min manat kredit üçün müraciət edən şəxsin adına 15 000 AZN dəyərində kredit yazdırıb. Maraqlıdır ki, bu zaman bank əməkdaşının özü ATM-dən 4820 manatı çıxararaq müştəriyə təqdim edib, artıq həmin kartın lazımsız olduğunu bildirib. Daha sonra isə qalan məbləği özü nağdlaşdıraraq ələ keçirib.
Bir sıra müştəriləri eyni üsulla aldadan bank əməkdaşının əməlləri müştəri şikayətlərindən sonra üzə çıxıb. Yoxlama zamanı İslam Qasımovun müştərilərdən kredit vəsaitlərinin bir hissəsini əsassız tələb etməsi, onların etibarından istifadə etməsi və xəbərləri olmadan adlarına kredit rəsmiləşdirməsi halları müəyyən edilib. Yoxlama zamanı üç müştərinin adlarına təkrar kredit sifarişləri ilə bağlı mobil nömrələrin dəyişdirildiyi aşkar olunub. Həmin müştərilərin sistemdə qeyd edilmiş nömrələrinə göndərilən təsdiq sorğularına cavab gəlmədiyi üçün İslam Qasımovun təqdim etdiyi yeni nömrələr sistemə daxil edilib, sorğular həmin nömrələrə göndərilib və təsdiqdən sonra kredit məbləğləri müştərilərin ələ keçirilən plastik kartlarına köçürülüb.
Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, İ.Qasımov 4 il müddətinə azadlıqdan məhrum edilib.