Mənə qanundan danışan Gülər xanım, bəs öz məktəbinizdə qanun necə işləyir?

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 15:52

[center][/center]
Başqalarına qanun göstərmək asandır, Gülər xanım! Əsl məsələ o qanunun qarşısında öz fəaliyyətinə də hesabat verə bilməkdir!
Direktor vəzifəsi üzrə müsabiqənin müvafiq mərhələlərində tələb olunan nəticəni əldə edə bilsəydiniz və digər şərtləri də ödəsəydiniz, bu gün direktor vəzifəsinə təsdiqlənmək imkanınız olmazdımı? Müsabiqənin nəticələri ilə bağlı deyilənlər rəsmi qaydada dəqiqləşdirilməlidir. Çünki vəzifə daşımaq başqa, həmin vəzifənin tələb etdiyi məsuliyyəti daşımaq tamam başqadır.
İndi gələk məktəblərdə çoxlarının diqqətindən kənarda qalan, amma şagirdlərin təhsil imkanları üçün mühüm əhəmiyyət daşıyan məsələlərə: dərsdənkənar məşğələlərə və dərnəklərə!
Gülər xanım, məktəbinizdə dərnəklərin və dərsdənkənar məşğələlərin cədvəlləri düzgün tərtib olunurmu? Həmin cədvəllər müvafiq qaydada təsdiqlənirmi, şagirdlərin və valideynlərin görə biləcəyi yerlərdə yerləşdirilirmi? Dərnəklər üçün nəzərdə tutulan saatlar həqiqətən keçirilirmi? Jurnallarda qeydə alınan məşğələlərlə faktiki vəziyyət üst-üstə düşürmü?
Məktəb rəhbərliyinin vəzifəsi yalnız sənədlərin mövcudluğuna nəzarət etmək deyil. Həmin sənədlərdə göstərilən işlərin həqiqətən həyata keçirilməsinə də nəzarət etməkdir. Əgər cədvəllərin tərtibində, yerləşdirilməsində və ya məşğələlərin keçirilməsində nöqsanlar varsa, onların aradan qaldırılması üçün hansı tədbirlər görülür?
Bunlar ittiham deyil, cavab gözləyən suallardır. Cavabları da şəxsi münasibətlərlə yox, sənədlərlə, faktlarla və obyektiv yoxlama ilə müəyyənləşməlidir.
Bir məqamı da unutmayaq: məktəbdə dərnək sadəcə bir ad, dərsdənkənar məşğələ isə cədvəldə yazılmış bir saat deyil. Bunlar şagirdin inkişafı, istedadının üzə çıxması, gələcəyinə açılan əlavə bir pəncərədir. Həmin pəncərə kağız üzərində açıq, həyatda bağlı qalırsa, bunun səbəbini öyrənmək lazımdır.
Qanun kiməsə qarşı qılınc, kiməsə qarşı qalxan deyil, Gülər xanım! Qanun hamı üçün eyni ölçüdür. Başqasına qanunu xatırladan şəxs özü də həmin ölçünün qarşısında dayanmağı bacarmalıdır.
Məktəbin qapısını bağlamaq olar, sualı verən insanı yola salmaq da mümkündür. Amma cavabsız suallar qapının ağzında qalmır — bir gün gəlib yenidən döyür. Unutmayın: məktəbin divarları susa bilər, jurnallar danışmaya bilər, cədvəllər kağız üzərində hər şeyi qaydasında göstərə bilər. Ancaq həqiqət yoxlanılanda nə divarların sükutu, nə də kağızın mürəkkəbi onu əbədi gizlədə bilər.
Başqalarına qanundan danışmaqdan əvvəl öz məktəbinizdəki işlərin də həmin qanunun tələblərinə uyğunluğunu yoxlayın. Çünki təhsildə əsas məsələ kimin daha sərt danışması deyil, kimin öz vəzifəsini daha məsuliyyətlə yerinə yetirməsidir.
Tehsilmedia.org


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti