[center]

[/center]
"Gəncə Dövlət Universitetində baş vermiş, universitetin normal fəaliyyətinə, tədrisin keyfiyyətinə, dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə, əməkdaşların hüquqlarına və ali təhsil müəssisəsində qanunçuluğun təmin edilməsinə ciddi xələl gətirən çoxsaylı faktlarla bağlı Sizə müraciət edirik."
TEREF yazır ki, bu barədə sözügedən universitetin işçiləri adından Respublika Prokurorluğuna və ölkə rəhbərliyinə, bir nüsxəsidə poçtumuza ünvanlanmış müraciətdə deyilir. Müraciətin müəllifləri daha sonra yazırlar:
"Məlumunuz edirik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində iki həftə davam edən ciddi yoxlamalar aparılmışdır. Həmin yoxlamalar zamanı cinayət əlamətləri daşıyan ciddi qanun pozuntuları aşkar edilmişdir. Müxtəlif fakültələr üzrə təxminən 80 tələbəyə bir neçə fəndən akademik borcları olduğu, həmin borcları aradan qaldırmadıqları halda diplom verilmişdir. Nazirlik əməkdaşları həmin məzunlarla əlaqə saxlayaraq onları universitetə dəvət etmişlər. Lakin rektor Yusif Yusibov həmin tələbələrin Nazirlik əməkdaşları ilə görüşməsinin qarşısını almaq məqsədilə onların universitetə daxil olmasına imkan verməmişdir. Bu hərəkətlərin yoxlamanın obyektiv aparılmasına mane olub-olmaması, məzunların akademik sənədləri və diplomların verilməsi üçün əsas olmuş məlumatlar araşdırılmalıdır.
Bundan əlavə, universitetin Pedaqoji, Kimya-biologiya və İqtisadiyyat fakültələrində tələbələrin yazılı imtahan cavabları olan vərəqlərdə heç bir cavab yazılmadığı halda, boş vərəqlərə ayrı-ayrı suallar üzrə 8–9 bal yazılaraq qiymətləndirmə aparılmışdır. Həmin boş imtahan vərəqlərinə qiymət yazılmış sənədlər Nazirliyin əməkdaşları tərəfindən götürülmüşdür. Bu faktlar imtahanların keçirilməsi və nəticələrin rəsmiləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol verildiyini göstərir. Həmin sənədlər əsasında qiymətlərin kimlər tərəfindən yazıldığı, nəticələrin elektron sistemə kimlər tərəfindən daxil edildiyi və bu əməllərdə iştirak edən şəxslərin kimlər olduğu müəyyən edilməlidir.
Yoxlamalar zamanı universitetin kafedralarına, şöbələrinə və dekanlıqlarına 30 bağlama A4 formatlı, eləcə də A3 formatlı kağızların və digər avadanlıqların verilməsi barədə sənədlərin rəsmiləşdirildiyi, müvafiq imzaların alındığı, lakin həmin materialların faktiki olaraq əməkdaşlara verilmədiyi aşkar edilmişdir. Bu məsələ ilə bağlı Komissiya tərəfindən kafedra və şöbə müdirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin adına xidməti raportlar yazdırılaraq götürülmüşdür. Sənədlərdə materialların verilməsi rəsmiləşdirildiyi halda, onların faktiki təhvil verilməməsi ciddi maliyyə və təsərrüfat intizamı pozuntusudur. Bu səbəbdən müvafiq sənədlərin, anbar uçotunun, satınalma və təhvil-təslim sənədlərinin araşdırılması, kağız və digər avadanlıqların faktiki aqibətinin müəyyən edilməsi zəruridir.
Universitetin tədris binalarında, yataqxanasında və digər obyektlərində aparılmış təmir işləri üçün ayrılan vəsaitlərin sənədlərdə faktiki dəyərindən 4–5 dəfə artıq göstərilməsi halları da aşkar edilmişdir. Təmir işləri ilə bağlı sənədlərdə göstərilən məbləğlərlə faktiki görülmüş işlərin həcmi və dəyəri arasında ciddi fərqlərin olması dövlət vəsaitlərinin xərclənməsinin yoxlanılmasını tələb edir. Eyni zamanda, tədris məqsədilə universitetə verilmiş kompüterlərin satın alınması sənədlərdə yüksək qiymətlərlə rəsmiləşdirilsə də, həmin kompüterlərin prosessorları, yaddaşları və digər texniki göstəriciləri olduqca aşağı səviyyədədir. Nəticədə bu kompüterlərin əksəriyyəti işləmir. Belə bir vəziyyət dövlət vəsaiti hesabına alınmış avadanlıqların qiyməti və keyfiyyəti arasında ciddi uyğunsuzluqların olduğunu göstərir. Təmir işləri, kompüterlərin satın alınması, müqavilələr, smetalar, ödəniş sənədləri, təhvil-təslim aktları və avadanlıqların faktiki texniki göstəriciləri yoxlanılmalı, dövlət vəsaitlərinin mənimsənilməsi və ya başqa qanunsuz əməllər nəticəsində zərərə yol verilib-verilmədiyinə hüquqi qiymət verilməlidir.
Gəncə Dövlət Universitetində Eduman elektron tədris sistemi tətbiq olunur. Lakin bu sistemin fəaliyyəti universitetdə tədris prosesinin təşkilinə ciddi maneələr yaradır. Universitetdə internet bağlantısı demək olar ki, işləmir, kompüterlərin və proyektorların əksəriyyətində problemlər mövcuddur. Nəticədə müəllimlər sistemi normal şəkildə istifadə edə, dərsləri vaxtında aktivləşdirə, tələbələrin qiymətləndirilməsini və dərsdə iştirak etməyən tələbələrin davamiyyətinin qeydiyyatını lazımi qaydada apara bilmirlər."
ardı var