[center]

[/center]
“AYNA”nın sədri gəlib 5 dəqiqə dursun olmayan dayanacaqda, avtobus gözləsin...Bəlkə onda minlərlə insanın dərdini anlaya.
Bu sətirlər Abşeron rayonu Ceyranbatan qəsəbəsinin bir qrup sakininin müxtəlif dövlət instansiyalarına ünvanladığı və bir surəti də, “Yenixeberorg.az”a daxil olmuş müraciətdə yer alır...
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Hörmətli sədr, xatırladaq ki, toplam 15.000-ə yaxın (On beş min) əhalisi olan Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin tən ortasından Bakı-Rusiya magistral yolu keçir. Bundan əlavə Bakı və Sumqayıt kimi ölkənin iri şəhərlərinin arasında yerləşməsi...Bu faktorlarla qeyd etdiyimiz yolda təbii olaraq nəqliyyatın intensiv hərəkəti müşahidə edilir. Bakı və Sumqayıt istiqamətinə getməsindən asılı olaraq qəsəbə sakinlərinin yolun o üz-bu üz tərəfinə kütləvi keçidi olmalıdır və olur da. Mövcud bir piyada keçidi qəsəbənin böyüklüyü səbəbindən qətiyyən yetərli deyil...
Nəzərə alsaq ki, bu yolda müxtəlif markalı nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, günün bütün saatında səngimir, onda təhlükənin təsəvvürü asanlaşar. Az qala hər həftə bir avtoqəzanın şahidi oluruq. Təəssüf ki, bu avtoqəzalar əksər hallarda insan ölümləri ilə nəticələnir. Xüsusi ilə də, azyaşlıların və ahıl yaşlıların da bu yolu keçmək məcburiyyətində olduğunu nəzərə alsaq, vəziyyətin dramatikliyi aydın olar...Bu yol, daha doğrusu bu yolu keçmək “ölümü gözə almaq” həddinə çatıb. Dözülməz bir durumdayıq. Təsəvvür edirsiniz, söhbət paytaxtətrafı qəsəbədə insan faciəsinin yaşanmasından gedir...
[center]

[/center]
Bu azmış kimi, ötən həftə bu yolun Sumqayıt istiqamətində sağ tərəfdəki (“OBA” marketin yaxınlığında) dayanacaq da söküldü. Qəsəbə Bələdiyyəsindən bildirdilər ki, “AYNA” söküb(?) Niyəsi isə heç cür başadüşülən deyil...Əcəb işdir: Bu camaat yayın istisində, yağışda, qarda nə etməlidir? Bu dərəcədə insanlara, insan taleyinə sayqısızlıq olarmı? “AYNA”nın sədri gəlib 5 dəqiqə dursun olmayan dayanacaqda, avtobus gözləsin...Bəlkə onda minlərlə insanın dərdini anlaya.
Hörmətli sədr, Sizdən artıq dərəcədə xahiş edirik ki, uşaqları və qocaları nəzərə alıb, bəhs etdiyimiz dövlət əhəmiyyətli magistralda müasir piyada keçidinin və naməlum səbəbdən “AYNA”nın söküb apardığı dayanacağın yerində yeni dayanacağın quraşdırılmasını təmin edəsiniz.
Ümüd edirik ki, sayənizdə digər instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq.
Redaksiyadan: Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlayacağıq.
[center]


[/center]