[center]
[/center]
Vətəndaş Mahir Qulaməliyev Sushi N1 restoranlar şəbəkəsinin Sumqayıt filialından narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, 33 manat dəyərində suşi seti sifariş etsələr də, sifarişin çatdırılması zamanı ciddi gecikmə və ünsiyyət problemləri ilə üzləşiblər.
Mahir Qulaməliyev bildirib ki, sifariş qəbul edilərkən çatdırılmanın maksimum 1–1,5 saat ərzində həyata keçiriləcəyi deyilib və onlar da bu şərtlə razılaşıblar. Lakin 2 saat yarım keçməsinə baxmayaraq, sifariş çatdırılmayıb.
Müştərinin iddiasına görə, zənglərinə cavab verilməyib, WhatsApp vasitəsilə isə sifarişin çatdırılacağı bildirilib.
Vətəndaş sifarişi ləğv etmədən gözləməyə davam etdiyini, lakin 4 saatdan sonra yenidən əlaqə saxladıqda ona Sumqayıt filialının bağlı olduğu və sifarişin Xırdalandan gətirildiyi bildirildiyini qeyd edib. Mahir Qulaməliyev əvvəlcədən bu barədə məlumat verilməməsinə etiraz etdikdə, qarşı tərəfin səhv etdiklərini söylədiyini iddia edib.
Müştərinin sözlərinə görə, o, Instagram hesabında mənfi rəy yazacağını bildirdikdən sonra restoranın hesabından bloklanıb. Daha sonra zəng etsə də, telefonlarına cavab verilmədiyini deyib.
Mahir Qulaməliyev çatdırılan suşinin görüntüdə təqdim olunan məhsuldan xeyli fərqləndiyini də iddia edib. O, yaşananları müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə laqeyd münasibət kimi qiymətləndirib.
Qeyd edək ki, səsləndirilən fikirlər və iddialar vətəndaş Mahir Qulaməliyevin açıqlamasına əsaslanır. Məsələ ilə bağlı Sushi N1 rəhbərliyinin mövqeyi məlum deyil.
[center]
[/center]