Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 18:09

[center][/center]
Dövlət Vergi Xidmətindən ünvanladığımız rəsmi media sorğusuna cavab daxil olub.
Avqustun 24-də göndərilən sorğuda baş həkimi Fərid Eyvazov olan “ALLIANCE CLINIC” MMC-də vətəndaşa 146 manatlıq tibbi xidmət qarşılığında rəsmi kassa çeki əvəzinə daxili qəbz verilməsi faktı konkret sübutlarla təqdim olunmuşdu. Bir aydan artıq müddət keçdikdən sonra daxil olan cavab məktubunda isə məsələnin mahiyyəti kənarda qoyularaq bildirilir ki, müəssisədə yeni nəsil nəzarət-kassa aparatı və POS-terminal quraşdırılıb.
​Dövlət Vergi Xidməti məktubunda vurğulayır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.5-1-ci maddəsinə əsasən müraciətdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. Aparılacaq vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək”.
​Amma burada ortalığa çox haqlı və konkret bir sual çıxır: Nə vaxt?
​Araşdırma hansı ilin, hansı ayın, hansı günündə aparılacaq?
Konkret fakt, ödəniş məbləği və daxili qəbz sənədi təqdim edildiyi halda, cavabda hər hansı tarix və ya müddət göstərilmədən məsələnin qeyri-müəyyən “növbəti tədbirlər”ə saxlanılması cavabdehlikdən yayınmaqdan başqa bir şey deyildir.
​Bu cavab vergi qanunvericiliyinin tətbiqi və dövlət nəzarəti mexanizminin effektivliyi baxımından ciddi suallar doğurur. Vergi qurumu məktubunda obyektin kassa aparatı ilə təmin olunduğunu qeyd edir. Lakin verilən sorğunun əsas predmeti aparatın fiziki olaraq mövcudluğu deyil, fəaliyyət zamanı ondan istifadə edilməməsi və nəticədə daxili sənədləşmə ilə nağd pul dövriyyəsinin gizlədilməsidir. Aparatın varlığı qanunsuzluğun baş vermədiyi anlamına gəlmir.
​Diqqətçəkən digər məqam isə fərqli yanaşmadır. Kiçik və orta sahibkarlıq subyektlərində kassa çeki verilməməsi faktı aşkar edildikdə vergi müfəttişləri dərhal operativ yoxlama keçirir, inzibati protokollar tərtib olunur və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq edilir. Lakin Fərid Eyvazovun rəhbərlik etdiyi “Alliance Clinic”də analoji halın baş verməsinə baxmayaraq, məsələyə bu dərəcədə gözləmə mövqeyindən yanaşılması qanunun hamı üçün bərabər tətbiq olunması prinsipini sual altında qoyur.
​Dövlət Vergi Xidməti rəsmi cavabında istehlakçı hüquqlarının pozulması faktı üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilməsini tövsiyə edib.
Verilən tövsiyyəyə uyğun olaraq, vətəndaşın ƏDV-ni geri almaq hüququnun məhdudlaşdırılması və kassa çeki təqdim edilməməklə xidmət şərtlərinin pozulması faktları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Biz həm Dövlət Vergi Xidmətinin “Alliance Clinic”də o məlum nəzarət tədbirini nə vaxt aparacağını, həm də Antiinhisar Agentliyinin atacağı hüquqi addımları izləməyə və ictimaiyyətə məlumat verməyə davam edəcəyik.
faktum.az


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti