Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 13:22

[center][/center]
İsmayıllı rayonunun Basqal qəsəbəsində bankomatların və ödəniş terminallarının olmaması sakinlər və turistlər üçün çətinlik yaradır.
Sakinlər [b]Yurd.Media[/b]-ya bildiriblər ki, nağd pul əldə etmək və bəzi ödənişləri həyata keçirmək üçün rayon mərkəzinə getməli olurlar.
Basqal sakinlərinin sözlərinə görə, qəsəbəyə gələn turistlər də ödəniş zamanı çətinliklərlə üzləşirlər. Belə ki, ərazidə ödəniş terminallarının olmaması nağdsız ödəniş imkanlarını məhdudlaşdırır.
Qəsəbə sakini Vüqar Məmmədov bildirib ki, Basqal turistik ərazi olmaqla yanaşı, yaxınlıqda digər kəndlər də yerləşir. Bu baxımdan, bank xidmətlərinin əlçatan olması təkcə qəsəbə sakinləri üçün deyil, ətraf kəndlərin əhalisi və turistlər üçün də əhəmiyyətlidir.
Sakin bildirib ki, məsələ ilə bağlı bir neçə dəfə müxtəlif banklara yazılı müraciət edilsə də, mənfi cavab verilib.
Məsələ ilə bağlı Yurd.Media-nın sorğusuna cavab olaraq "Kapital Bank"dan bildirilib ki, bankomatların quraşdırılması bankın daxili prosedurları və Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Bankın açıqlamasına görə, bankomatın yerləşdirilməsi ilə bağlı qərar ərazidə bank xidmətlərinə tələbat, gözlənilən əməliyyat dövriyyəsi, "Kapital Bank" kartlarından istifadə edən müştərilərin sayı və yaxınlıqdakı mövcud bankomatların fəaliyyəti əsasında qəbul edilir.
"Bankomatın quraşdırılması üçün uyğun məkanın və texniki imkanların mövcudluğu, təhlükəsizlik tələbləri, nağd pulun müntəzəm təminatı, inkassasiya və texniki xidmət proseslərinin təşkili də qiymətləndirilir. Bu amillər bankomatın davamlı və etibarlı fəaliyyətinin təmin olunması baxımından vacib hesab edilir", - Bankdan bildirilib.
Əlavə olaraq qeyd olunub ki, terminalların yerləşdirilməsi ehtiyacı qeyd olunan meyarlar əsasında qiymətləndirilir.
Ödəniş terminalları ilə bağlı "PashaPay" MMC-dən Yurd.Media-ya bildirilib ki, MilliÖn terminalların yerləşdirilməsi zamanı ərazidə xidmətə tələbat, əhali və ziyarətçi axını, mövcud terminalların yaxınlığı, elektrik və internet təchizatı, təhlükəsizlik və texniki xidmət imkanları nəzərə alınır.
Açıqlamada vurğulanıb ki, turistik bölgələrdə, o cümlədən İsmayıllı rayonunun Lahıc qəsəbəsində iki ödəniş terminalı mövcuddur. Həmçinin İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının müxtəlif turistik məkanlarında və əhalinin sıx ziyarət etdiyi ərazilərdə terminallar fəaliyyət göstərir.
Sosial müavinətlərin və əməkhaqlarının ödənilməsini daha çox həyata keçirən digər bank - "Azərbaycan Beynəlxalq Bankı"dan isə Yurd.Media-nın sorğusuna cavab verilməyib.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti