[center]

[/center]
AZCON Holdinq şirkətlərindən olan "Azərpoçt" MMC-də çalışmış bir sıra şəxslərin son vaxtlar Holdinqin tabeliyindəki digər şirkətlərdən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-də vəzifəyə təyin edilməsi halı müşahidə edilir.
Plat.az xəbər verir ki, bu ilin aprel ayında "Azərpoçt"un idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb. Onun yerinə Manaf Babayev qurumun idarə heyətinin sədri təyin edilib.
M.Babayevin gəlişindən sonra "Azərpoçt"da kadr dəyişiklikləri yaşanır. Belə ki, şirkətin bir çox köhnə işçiləri vəzifələrindən ayrılıb. Onlardan bir neçəsinə ASCO-da vəzifə verilib.
Məsələn, "Azərpoçt"da 2021-2026-cı illərdə İdarə heyətinin sədrinin müavini olmuş Xəyyam Əlizadə iyun ayında işdən çıxıb. O, bundan sonra ASCO-nun İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.
X.Əlizadənin ardınca "Azərpoçt" sədrinin müşaviri Məhəmməd Topalov da iyul ayında vəzifəsindən ayrılıb. Ona isə, ASCO-da İstismar-kommersiya departamentinin rəisi vəzifəsi həvalə edilib.
Ötən ay "Azərpoçt"un İnsan resursları biznes tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov da işdən çıxıb. C.Hüseynova ASCO-da Təhsil İnnovasiyaları və Rəqəmsal Mərkəzinin müdir müavini vəzifəsi verilib.
Bu ay isə, "Azərpoçt"da Layihə portfelinin idarə edilməsi ofisinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəzrin Manaflı-Dadaşova işdən çıxıb. O, ASCO-da təlim və inkişaf üzrə koordinator vəzifəsinə təyin edilib.
Qeyd edək ki, "Azərpoçt"dan işdən çıxan şəxslərin ASCO-ya üz tutması heç də təsadüfi görünmür. Belə ki, hazırda ASCO-nun sədri olan Əfqan Cəlilov 2021-2023-cü illərdə "Azərpoçt"un idarə heyətinin sədri olub.