[center]

[/center]
Naxçıvanda son günlər yaşanan ət qıtlığının ardınca qiymətlər kəskin bahalaşıb. Sakinlərin sözlərinə görə, mal ətinin kiloqramı 16 manatdan 20 manata, quzu ətinin qiyməti isə 17 manatdan 22 manata yüksəlib.
Bu barədə “Gündəlik Naxçıvan”a danışan sakinlər bildirirlər ki, qiymət artımından əvvəl qəssab dükanlarında bir neçə gün ət tapılmayıb. Onların sözlərinə görə, uzun müddət Naxçıvanda ət Bakı ilə müqayisədə daha ucuz satılsa da, son bahalaşmadan sonra qiymətlər demək olar ki, bərabərləşib.
On ildən çoxdur qəssab işləyən Ziya Məmmədov bahalaşmada satıcıların günahı olmadığını deyir. Onun sözlərinə görə, yemin qiymətinin artması heyvandarlıqla məşğul olan fermerlərin xərclərini çoxaldıb:
“Son vaxtlar ət qıtlığı yaranmağa başlayıb. Hər şey kimi yemin də qiyməti qalxıb. Fermerlər üçün sərfəli olmadığına görə heyvanlarını satmaq istəmirlər. Biz də əti baha almağa məcbur qalırıq. Qiymətin qalxması bizim üçün də zərərlidir, çünki sata bilmirik. Əvvəllər kəsdiyimiz əti bir günə satırdıq, indi bəzən üç günə güclə satırıq. Çox vaxt ziyana düşürük. Xeyir-şər mərasimləri olmasa, ümumiyyətlə, ət sata bilmərik”.
Sakinlərdən Kərim Quliyev isə bahalaşmanın daha çox aztəminatlı ailələrə təsir etdiyini bildirir:
“Son vaxtlaradək bazarda ən yaxşı mal ətinin kiloqramı 18 manat idi, topdan isə daha ucuz almaq olurdu. Hüzr yerimiz vardı, həmişə aldığım yerdən ət götürməyə getdim. Dana ətinə 20 manat dedilər, 19 manata verdilər. Əvvəllər həmin əti topdan 16–17 manata, bəzən daha ucuz almaq olurdu. Quzu və qoç əti də daha ucuz idi. Heç olmasa kasıb ailələr ayda bir dəfə bir-iki kiloqram ət ala bilirdilər. İndi isə qiymətə baxıb keçirlər. Əvvəllər qəssablar hər gün təzə ət kəsirdilər, indi təzə ət tapmaq çətinləşib. Çünki baha olduğuna görə sata bilmirlər”.