[center]
[/center]
Ağcabədi rayonu, Hacıbədəlli kəndində (keçmiş Rəncbərlər kəndi) yerləşən obyekt hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 7 290 kvadratmetrə bərabərdir. 12 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 4 milyon 632 min 500 manat təşkil edir.
Qeyd edək ki, müsadirə olunaraq hərraca çıxarılan obyekt barədə ilk dəfə 2015-ci ildə rəsmi mətbuatda məlumat dərc olunub. Bildirilib ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində “Fidan” MMC tərəfindən yaradılan soyuducu kompleksdə tikinti işləri başa çatmaq üzrədir. Tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə edildiyi və kompleksin 21 soyuducu kameradan ibarət olduğu bildirilib.
Onu da qeyd edək ki, hazırda dövlət reyestrində “Fidan” adlı 3 MMC dövlət qeydiyyatına alınıb. Bu MMC-lərdən 2-si hazırda passiv, 1-i isə aktiv vergi ödəyicisidir.
Hüquqi ünvanı Bakıda yerləşən aktiv vergi ödəyicisi olan “Fidan” MMC paytaxt ərazisində müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətləri göstərir.
Passiv vergi ödəyicisi olan “Fidan” MMC-lərdən biri Yevlaxda, digəri isə Gəncə şəhərində qeydiyyatdadır.
[center]


[/center]