[center]
[/center]
Ordubad rayonunun Behrud kəndini birə basdığı, dezinfeksiya üçün sakinlərdən pul tələb olunduğu bildirilir. Sakinlərin sözlərinə görə, sanitar xidmət birə basan yerləri dərmanlamaq üçün hər kvadratmetrə 20 manat tələb edir.
Ərazinin minlərlə kvadratmetr olduğu nəzərə alınanda, tələb olunan məbləğin sakinlər üçün çox böyük olduğu bildirilir.
Kənd sakinləri [b]“[color=#FF0000]Gündəlik Naxçıvan[/color]”[/b]a deyirlər ki, problemlə bağlı Naxçıvan MR İctimai Səhiyyə Xidmətinə müraciət etsələr də, onlardan dərmanlama üçün pul tələb olunub:
“Problem kənd boyu yayılır, amma aidiyyəti qurumlar kömək etmək əvəzinə camaatdan pul istəyirlər. Kəndin içini birə basıb. Deyilənə görə, bir nəfər kəndə keçilər gətirib, problem də həmin heyvanların saxlandığı tövlədən başlayıb. Sonra tövlələrin ətrafına, yollara, yaşayış evlərinə yayılıb. İnsanların üstünə qonur, ordan da evlərə daşınır.
Camaat dəfələrlə şikayət edir, amma dövlət qurumları ciddi maraqlanmır. Baytar gəlib nəsə səpir, gedir, onun da heç bir təsiri olmur. Kənd həkimi sanitar stansiyaya müraciət edib ki, əhali şikayətlənir, kənddə birə yayılıb.
Ordan isə deyiblər ki, birə olan ərazilərin hər kvadratmetrinə 20 manat yığılsın, pulu verin, gəlib dərmanlayaq. Kənd böyükdür, bu hesabla camaat nə qədər pul toplamalıdır? Məsələn, 300 kvadrat həyəti dərmanlamaq üçün 6 min manat verməlisən. Əhalinin buna gücü çatmır”.
Sakinlər problemin artıq məktəbə də çatdığını deyirlər:
“Müəllimlər deyirlər ki, birə artıq məktəbə də çatıb. Məktəbə gələn işçilər həmin yoldan keçirlər, birə onların üstünə qonur, belə-belə məktəbə də daşınır. Artıq bir-iki nəfərin üstündə və bəzi siniflərdə tək-tək birə görünüb. Bu gün-sabah məktəb açılacaq. Uşaqları buraxmağa qorxuruq. Problem dərhal həll olunmalıdır”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR İctimai Səhiyyə Xidmətinə müraciət etsək də, cavab ala bilmədik.