[center]
[/center]
Türkiyəli TIR sürücüləri Sədərək gömrüyündə talan xarakterli davranışlarla üzləşdiklərini iddia edirlər. Onların sözlərinə görə, gömrük əməkdaşları şəxsi istifadə üçün saxladıqları siqaret və ərzaqları zorla əllərindən alır, etiraz edənləri isə qəsdən uzun və sərt yoxlamalara məruz qoyurlar.
Sürücülər bildirirlər ki, əsasən yolboyu istifadə üçün götürdükləri kolbasa məmulatları, çərəzlər və içkilər əllərindən alınır.
Sürücü Murat Ünal ərzaqların necə talan olunduğunu belə təsvir edir:
“Sucuq görürlər, ‘ver’, pastırma görürlər, ‘ver’, quru yemiş görürlər, ciblərinə doldururlar. Nə icazə istəyirlər, nə də razılıq. Biri səni söhbətə tutur, o biri isə maşının içində göz gəzdirir ki, görüm nə götürə bilərəm. Gözləri hər yerdədir — dolablarda, soyuducuda. Elə davranırlar ki, sanki o ərzağın pulunu özləri ödəyiblər.
Mən Qazaxıstana gedirəm, bəlkə iki aya qayıdacağam. Soyuducudakı ərzaqlar mənim yol üçün ehtiyatımdır. Gürcüstan və Avropa sürücülərinə isə bunların yanında belə davranmırlar”.
Sürücülərdən A. Yol isə yoxlama zamanı onlarla kobud və hörmətsiz davranıldığını deyir:
“Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar. Türk sürücüsənsə, bu münasibətlə qarşılaşırsan, başqalarına belə davranmırlar. Rüşvət elə gömrüyün içindən başlayır. Ayaqqabı ilə maşının içərisinə, hətta yatdığımız yerə girirlər. Ərzaqlarımızı və siqaretlərimizi zorla əlimizdən alırlar. Sonuncu dəfə yolda yemək üçün götürdüyüm fındığı, digər çərəzləri və siqaretimi aldılar. Əsgərlər maşını axtarmağa girirlər - biri sağdan, biri soldan. Soyuducuda nə görürlərsə, ‘bunu mənə ver’ deyirlər, əllərinin altında nə varsa istəyirlər. Etiraz edəndə isə bizi qəsdən gecikdirir, bəzən müxtəlif bəhanələrlə günlərlə gözlədirlər”.
Digər sürücü B. Erol isə bildirir ki, problemlə bağlı gömrük rəhbərliyinə, hətta Naxçıvan Gömrük İdarəsinə müraciət etsələr də, şikayətlərinə baxılmayıb:
“Bu, soyğunçuluq və talançılıqdır. Ərzaqlarımızı, siqaretlərimizi əlimizdən alırlar. Bəzən hadisə gecə vaxtına düşür və səhərə qədər ac, siqaretsiz qalırıq. Şikayət edirik, amma əhəmiyyət verən olmur”.
Sürücülər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və bu hallara son qoyulmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"