Prezidentin açılışını etdiyi müəssisəyə aparan yol və körpü bir ilə darmadağın olub - VİDEO

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 09:44

[center][/center]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirakı regionun sənaye inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilmişdi. Qazanbulaq qəsəbəsi yaxınlığında fəaliyyət göstərən müəssisənin ölkənin tikinti sektoruna töhfə verəcəyi, yeni iş yerləri yaradacağı və iqtisadi fəallığı artıracağı bildirilirdi.
Lakin bu gün müəssisəyə aparan avtomobil yolunun vəziyyəti həmin layihə ətrafında ciddi suallar yaradır. Redaksiyamıza daxil olan məlumatlara və gundemxeber.com-un əməkdaşının ərazidə apardığı müşahidələrə əsasən, Gəncə–Goranboy magistral yolundan müəssisəyə çəkilmiş asfalt yolun bir hissəsi qısa müddət ərzində yararsız vəziyyətə düşüb. Yol örtüyündə yaranmış iri çatlar, çökmələr və dağılmış hissələr ərazidə diqqəti cəlb edən əsas problemlərdəndir.
Xüsusilə sel sularının keçdiyi çay yatağı üzərində inşa edilmiş körpü və ona bitişik yol hissəsində ciddi dağıntılar müşahidə olunur. Maraqlıdır ki, həmin ərazidə son dövrdə bu miqyaslı dağıntını izah edə biləcək zəlzələ və ya torpaq sürüşməsi kimi fövqəladə təbii hadisələrin baş verməsi barədə məlumat yoxdur. Bu isə yolun tikintisinin keyfiyyəti, layihələndirmə və icra prosesinin texniki standartlara uyğun aparılıb-aparılmaması ilə bağlı suallar doğurur.
İri dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin uzunömürlü və dayanıqlı olması əsas tələblərdən biridir. Əgər yeni inşa edilmiş yol cəmi bir il sonra yararsız vəziyyətə düşürsə, bu halda istifadə olunan tikinti materiallarının keyfiyyəti, görülən işlərin texniki normalara uyğunluğu və tikintiyə nəzarət mexanizmlərinin necə işlədiyi araşdırılmalıdır.
Məlumata görə, yol və körpünün tikintisi zamanı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əraziyə baxış keçirərək görülən işləri yüksək qiymətləndirmişdi. Hazırda isə həmin yolun mövcud vəziyyəti fonunda ictimaiyyət təbii olaraq bu qiymətləndirmənin hansı əsaslara söykəndiyi barədə suallar verir. Əgər yolun qısa müddətdə yararsız hala düşməsi tikinti qüsurlarından qaynaqlanırsa, bunun səbəbləri və məsul şəxslər müəyyən edilməlidir.
Yolun vəziyyəti təkcə nəqliyyatın hərəkətinə maneə yaratmır. Bu, həm də dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli xərclənməsi, infrastruktur layihələrinin keyfiyyətinə nəzarət və vəzifəli şəxslərin məsuliyyəti məsələsini gündəmə gətirir. Dövlət başçısının iştirak etdiyi strateji əhəmiyyətli layihəyə aparan yolun belə vəziyyətə düşməsi cəmiyyətin haqlı narahatlığına səbəb olur.
Məsələnin obyektiv araşdırılması üçün aidiyyəti dövlət qurumlarının əraziyə baxış keçirməsi, yolun və körpünün texniki ekspertizasının aparılması, tikinti prosesində normativ tələblərə əməl olunub-olunmadığının müəyyən edilməsi vacibdir. Əgər pozuntular aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlərin görülməsi, yolun əsaslı şəkildə bərpası və gələcəkdə analoji halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmlərinin tətbiqi zəruridir.
İctimai maraq doğuran bu məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə və onların rəsmi açıqlamalarını işıqlandırmağa hazırıq.
Gundemxeber.com


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti