Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 18:28

[center][/center]

Yasamal rayonunda yerləşən 98 saylı dövlət uşaq bağçası ilə bağlı son dərəcə ciddi iddia sosial şəbəkədə ictimailəşdirilib. Elnurə Abuşova adlı sosial şəbəkə istifadəçisinin açıq paylaşımında bildirilir ki, ailə övladını təxminən bir həftədir sözügedən dövlət bağçasına göndərir və bundan sonra uşağın davranışında qeyri-adi dəyişikliklər müşahidə olunub.

Paylaşım müəllifinin sözlərinə görə, ailə yaranmış şübhələrdən sonra uşağa analiz verdirib və analiz nəticəsində uşağın qanında psixotrop təsirə malik dərman maddəsinin aşkarlandığı bildirilib.

Məsələ artıq sadəcə şifahi məlumat deyil — azyaşlı ilə bağlı belə ağır iddia sosial şəbəkədə açıq şəkildə ictimailəşdirilib və Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin adı çəkilərək məsələyə müdaxilə tələb olunub.

Lakin hazırda əsas məsələ tibbi analiz sənədinin araşdırılmasıdır. Analiz nəticəsinin əsli, hansı maddənin müəyyən edildiyi, onun konsentrasiyası, analizin hansı tibb müəssisəsində və nə zaman aparıldığı hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Əgər araşdırma nəticəsində azyaşlıya valideyninin xəbəri və həkim göstərişi olmadan hər hansı psixotrop və ya sakitləşdirici preparatın verilməsi təsdiqlənərsə, ortaya olduqca ağır suallar çıxacaq: uşağa dərmanı kim verib, hansı məqsədlə verib, bağça rəhbərliyinin bundan xəbəri olubmu və dövlət bağçasında belə preparat ümumiyyətlə necə peyda olub?

Digər tərəfdən, 98 saylı dövlət uşaq bağçasının üzərinə belə ağır ittiham qoyulduğu üçün müəssisənin mövqeyi də alınmalı, iddianın həqiqətə uyğun olub-olmadığı rəsmi araşdırma ilə müəyyən edilməlidir.

Azyaşlının sağlamlığından söhbət gedirsə, məsələni “araşdırarıq” deyib uzatmaq olmaz. Kamera görüntüləri qorunmalı, uşağın bağçada təmasda olduğu şəxslər müəyyənləşdirilməli, tibbi analiz ekspertizadan keçirilməli və nəticə ictimaiyyətə açıqlanmalıdır.(Bntv.az)


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti