Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri və çay yatağının təmizlənməsi işlərinin satınalması üzrə 01.07.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ELŞƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 868.751,87 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 11.11.2026 -cı ildə dərc edilib. Müqavilənin icrasına 04.11.2026-cı ildə başlanılması 30.12.2026-cı ildə bitirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyəti “ELŞƏN” MMC ilə Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işləri üzrə bir müqavilə də 02.07.2025-ci ildə bağlayıb. Bu müqavilənin dəyəri 709.880,09 manat təşkil edib.
Qeyd edək ki, bunlar Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC arasında olan ilk işbirliyi deyil. Şəki şəhər İcra Hakimiyyəti 04.12.2025-ci ildə mənzil fondunun əsaslı təmiri üzrə 300.404,79 manat, Şəki şəhərində görüləcək abadlıq işləri üzrə də “ELŞƏN” MMC ilə 148.585,97 manat dəyərində müqaviləni 30.09.2021-ci ildə bağlayıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELŞƏN” (VÖEN- 3000086811) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 07.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ŞƏKİ RAYONU, NATAVAN, ev.15, qanuni təmsilçisinin isə Abdul-Vahabov Dursun Camal oğlu Hacıyev Əhsən Rza oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
“ELŞƏN” MMC barəsində açıq mənbələrdə bundan başqa heç bir məlumat yoxdur. MMC Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının bərpasını həyata keçirməyə hansı maddi texniki baza ilə, hansı ixtisaslı mühəndis heyəti ilə həyata keçirəcəyi də bəlli deyil.
Qeyd etmək istərdik ki, Şəki yağıntıların daha çox düşdüyü, sel sularının fəsad törətdiyi rayonlarımızdan biridir. Hələ 2021-ci ilin noyabrında “Aktualinfo” sel sularının yaratdığı təhlükə ilə bağlı araşdırma məqalə yaymış, foto və videomateriallar əlavə olunaraq tədbirlər görülməsi üçün bütün aidiyyatı orqanlara göndərmişdi.
Bir daha xatırlatmaq istərdik ki, sözügedən məqalədə Şəkinin Baş Göynük, Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndlərinin hələ də sel təhlükəsi altında qaldığını açıqlamış, ötən ilki seldən əvvəl, yəni, 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmasını yazmışdıq. Çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Çay kənarında milyonlarla manat pul hesabına çox keyfiyyətsiz bəndbasma işləri görən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin dövlət vəsaitini talan etdiyindən bu təhlükə daim gözlənilir. Hələ 20 sentyabr 2023-cü il selindən sonra heç bir faktiki işlər görülməmişdir. Ötən ilin may-iyun aylarında olan növbəti sel və daşqınlardan sonra da minlərlə sakinin mülklərinə və fərdi təsərrüfatlarına böyük ziyan dəymişdir.
Qeyd edək ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə bərabər Şəki şəhər İcra Hakimiyyəti də hər il çay sahil divarlarının təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinə milyonlarla manat vəsait ayırır. Amma nədənsə hər dəfə sel gələndən sonra buralarda təmir, bərpa işlərinin aparıldığı heç bəlli olmur.
Rəsmi məlumatlardan da göründüyü kimi Şəki şəhər İcra Hakimiyyətinin son bir ildə “ELŞƏN” MMC ilə Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının bərpası üzrə ümumi dəyəri 1 578 631 manat dəyərində iki müqavilə bağlayıb.
Qeyd ediyimiz kimi bu vəsaitin bir hissəsi 2025-ci ilin iyun ayında ayrılıb. Lakin açıq mənbələrdə bu təmir bərpa işlərinin aparılması barədə heç bir məlumat yoxdu. Şəki şəhər İcra Hakimiyyətinin rəsmi portalında belə aparılmış təmir işləri ilə bağlı nə bir məlumat, nə də bir foto yoxdur. Görsənən odur ki, Şəki şəhər İcra Hakimiyyəti “ELŞƏN” MMC ilə birləşib sahilbərkitmə işləri adı altında başqa işlər çevirirlər. Ayrılan dövlət vəsaitlərini də sel apardı, deyirlər.
[b]Aktualinfo.net
[/b]