[center]

[/center]
Naxçıvan Dövlət Televiziyasının redaktoru Sacidə Hüseynova qonorarların mənimsənilməsinə və iş şəraitinə etiraz etdiyi üçün təzyiqlərlə üzləşdiyini deyir. “[b]Gündəlik Naxçıvan[/b]”a danışan jurnalist bildirir ki, ayda 25 süjet hazırlasa da, oktyabrda ona cəmi 50 manat qonorar verilib.
O, baş redaktor Əhməd Əhmədovu qonorarları mənimsəməkdə ittiham edir, etirazından sonra təhqir olunduğunu və işləməsinə maneələr yaradıldığını bildirir.
Hüseynova qonorarla bağlı narazılığını belə izah edir:
“Hər ay 25 süjet hazırlayıram. Rayonlara çəkilişə gedirəm, bir gündə beş çəkiliş etdiyim olub. Bunlara görə əməkhaqqından əlavə qonorar yazılmalıdır. Ən azı 200 manat almalıyam, amma oktyabrda mənə 50 manat yazıblar.
İşləməyən öz adamlarına da 50 manat yazıb, mənə də. Dedim, tək övlad böyüdürəm, qonorarımı yazın. Deyir, büdcədə pul yoxdur, amma özünə var. Mənim və mənim kimilərin qonorarını özü mənimsəyir”.
Jurnalist şikayətlərinə baxılmadığını, əksinə, özünün hədəfə çevrildiyini deyir:
“15 il iş təcrübəm var, altı ildir NTV-də redaktor işləyirəm. İndiyə qədər töhmət almamışam. Qonorarın azlığına etiraz etdim, redaksiyadakı səs-küydən, iş vaxtı mahnı qoyub oynayanlardan şikayətləndim. Ərizəm 15 gün qaldı, baxılmadı
. Baş redaktor Əhməd Əhmədov bir qrup işçi ilə mənim əleyhimə ərizələr yazıb verdi. Stəkanı stola çırpdı, az qaldı ayağım kəsilsin. Qorxudan səsimi çıxara bilmədim.
Vüsal Muradov isə iclasda mənə qulaq asmadı. Dedi, düz edirlər mahnı qoyurlar, bura türmə deyil. Məni lağa qoyub dedi ki, bir sən imişsən redaksiyada işləyən. ‘Kişi olsan, sənə yaxşı söz deyərdim’ deyərək məni təhqir etdi. Sonra kitabxanada oturmağımı tapşırdı, başqa redaksiyada işimi davam etdirməyimə də imkan vermədi.
Üstəlik, deyirlər, siyasi səhvə yol vermisən. Hazır olmayan materialda qazinin dediyi ‘Naxçıvan ordusu’ ifadəsini mənə irad tuturlar. Halbuki həmin variant efirə getməyib, düzgünü yayımlanıb. İstəyim budur ki, jurnalist kimi fəaliyyətim təmin olunsun, mənə şər-böhtan atılmasın, qonorarım yazılsın”.