[center]

[/center]
Dövlət qurumlarında daxili çəkişmələr, vəzifə uğrunda gizli mübarizələr, təəssüf ki, təzə xəbər deyil. Lakin məsələ Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi kimi həssas bir qurumdan gedirsə, buradakı hər bir silkələnmə sıradan bir inzibati narazılıq çərçivəsindən çıxır, doğrudan da hüquq və ədalət sisteminə birbaşa təhlükəyə çevrilir.
Faktum.az-ın sosial mediadan əldə etdiyi məlumatlar Səhiyyə Nazirliyinin bu strateji qurumunda rəhbərlik postu uğrunda daxili mübarizənin artıq açıq müstəviyə keçdiyini göstərir. Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirov arasında münasibətlərin kəskinləşdiyi, hətta C.Cahangirovun baş direktor kreslosuna oturmaq üçün müəyyən rıçaqlarını, qeyri-rəsmi imkanlarını və təsir rıçaqlarını işə saldığı iddia edilir.
Məhkəmə-tibbi ekspertiza elə bir sahədir ki, burada verilən tək bir rəy insanın taleyini həll edir — kimisə illərlə dəmir barmaqlıqlar arxasına göndərir, kiməsə isə bəraət qazandırır. İnsan həyatı, cinayət və mülki işlərin məğzi birbaşa bu divarlar arasında hazırlanan sənədlərdən asılıdır. Məhz buna görə də belə bir qurumun rəhbərliyi şəxsi ambisiyaların, qeyri-rəsmi lobbiçiliyin, “dayı-dayı” oyunlarının poliqonuna çevrilə bilməz.
Əgər bir dövlət strukturunda təyinatlar peşəkarlıq, obyektivlik və idarəçilik bacarığı ilə deyil, pərdəarxası əlaqələrlə müəyyən edilməyə çalışılırsa, orada ədalətli ekspertizadan danışmaq absurd olar. Vəzifəyə gəlmək üçün “əlindəki imkanları” işə salan kadr, sabah o vəzifədə oturduqdan sonra həmin imkanların hesabını necə ödəyəcək?
Bu gün Səhiyyə Nazirliyi susmamalı, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ətrafında dolaşan bu iddialara aydınlıq gətirməlidir.
Adı çəkilən tərəflərin və Səhiyyə Nazirliyinin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Faktum.az