[center]

[/center]
Qaz İxrac İdarəsinin Astara Maqistral Qaz Kəmərləri Sahəsinin Əngevül, Orduxal qaz xəttinin kəmərində təmir işləri görülərkən qəza baş verib və nəticədə məhz rəhbər şəxsin səriştəsizliyi və naşılığı səbəbindən işçilərdən biri ağır xəsarət alıb. Bu barədə "Dia-az"a məlumat verən mənbənin sözlərinə görə, bütün bu baş verənlər həm ümumi rəhbərlikdən, həm də ictimaiyyətdən, habelə hüquq-mühafizə orqanlarından gizli saxlanılır.
Hətta ağır durumda olmasına baxmayaraq xəsarət alan şəxs adi ev şəraitində müalicə olunur ki, bu isə açıq-aşkar onun həyatının risqə atılması deməkdir. Yəni görünəni odur ki, hüquq-mühafizə orqanları qarşısında yarana biləcək məsuliyyətdən yayınan rəhbərlik işçinin həyatı bahasına olsa belə, öz çirkin niyyətini icra etməkdən çəkinməyib.
İndi də gələk hadisənin təfərrüatına. Daxil olan məlumatda deyilir ki, Astara Maqistral Qaz Kəmərləri Sahəsinin Əngevül, Orduxal qaz xəttinin diametri 219 sm olan kəmərində sentyabr ayının 7-si təmir işləri görülən zaman, cavabdeh və rəhbər şəxs Əsədullayev Şərafətin idarəçilik etdiyi vaxt çilingər Məmmədov Vidadi Böyükağa oğlu "laqonda" aparatı ilə kəsim apararkən xəttdə yüksək təzyiqdə qaz olduğundan partlayış baş verib.
Partlayış baş veren zaman çilingər Vidadi Məmmədov ağır yanıq xəsarətləri alıb. Bunu görən Şərafət Əsədullayev baş verənləri rəhbərlikdən gizlədib, aidiyyatı üzrə məlumat verməyib.
"DİA-AZ"a danışan mənbə bildirir ki, artıq 4 gündür çilingər Vidadi Məmmədov evində müalicə aldığından işə də çıxa bilmir və bu fakt Qaz İxrac İdarəsinin rəhbərliyi ilə yanaşı hüquq-mühafizə orqanlarından da gizli saxlanılır.
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...