[center]

[/center]
Uzun illər Azərbaycan radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
Bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.
O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır, vəziyyəti ağırdır: “Həmin gün səhər saatlarında mən onun yanında idim, daha sonra oradan çıxıb öz evimə getdim. Saat 5 radələrində onunla əlaqə saxlamağa çalışdım, lakin telefon zənglərimə cavab vermədi. Hətta mobil telefonu sönmüşdü, ev telefonuna da cavab vermirdi. Bundan sonra narahat olmağa başladım. Evinə getdim və bundan sonra Fövqəladə Hallar Nazirliyinə, polisə müraciət etdim, prokurorluğa və təcili tibbi yardıma məlumat verdim. Qurumların əməkdaşları gəldilər və qapını sındırdılar.
Anamı balkondan mətbəxə keçid hissəsində, iki qapının arasında sıxılmış və yerdə yıxılmış vəziyyətdə tapdıq. İlkin məlumata görə, həmin vaxt işemik insult keçirib. Görünür, mən səhər onun yanından ayrıldıqdan sonra günorta saatlarında yıxılıb və insult keçirib. Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər beyninə qaz sızdığını bildirdilər.
Mənim anam 65 ilini Azərbaycan radiosuna həsr edib. Çox xahiş edirəm, dualarınızı əsirgəməyin”.
***
Əməkdar artist Sevda Saleh Məmmədzadənin vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hazırda onun vəziyyəti ağır stabil qiymətləndirilir: “1931-ci il təvəllüdlü qadın 02.09.2026-cı il tarixində saat 00:30 radələrində ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir”.