[center]
[/center]
Naxçıvanda bəzi məktəblərdə şagird yerdəyişməsinin rüşvət qarşılığında həyata keçirildiyi iddia olunur. Valideynlərin bildirdiyinə görə, bəzi direktorlar məktəbdə olan boş yerləri sistemdə göstərmir, həmin yerləri əvvəlcədən razılaşdırdıqları uşaqlar üçün saxlayırlar.
Şikayətçilərdən R. Səfərov “[b]Gündəlik Naxçıvan[/b]”a bildirib ki, yerdəyişmə sistemi açılmamışdan əvvəl onlaea məktəbdə boş yer olduğu deyilib.
Lakin sistem açıldıqdan sonra həmin yer ümumiyyətlə görünməyib:
“Yaxınım kasıb adamdır. Onlayn qeydiyyatı Təhsil Şöbəsində aparıb. Sistem açılmamışdan əvvəl soruşub öyrənmişdilər ki, məktəbdə boş yer var. Sistem açılanda isə həmin yer heç cür görünmədi. İki saat kompüterin qarşısında gözlədilər, amma boş yer sistemdə çıxmadı”.
Şikayətçinin sözlərinə görə, sonradan məktəb direktoru ilə əlaqə saxlanılıb və onlara yerin artıq tutulduğu bildirilib.
“Direktora zəng etdik, dedi ki, yer tutulub. Amma sistem açılandan iki saat kompüterin qarşısında idilər və boş yer ümumiyyətlə görünməmişdi. Necə oldu ki, sistemdə görünməyən yer birdən tutuldu? Sonradan öyrəndik ki, əslində yerlər əvvəlcədən satılıb, sistem də gözdən pərdə asmaq üçündür”.
Adının çəkilməsini istəməyən başqa bir valideyn isə yerdəyişmə üçün ondan əvvəlcədən 500 manat tələb olunduğunu iddia edir.
“Direktor şəxsən mənə dedi ki, sistemə heç nə yerləşdirilməyəcək, 500 manat ver, yerdəyişməni həll edək. Mən də kasıb adamam, verə bilmədim, işim də alınmadı. Direktor dedi ki, biz özbaşına deyilik, aldığımız pul nazirliyə gedir. Boş yerləri sistemdə göstərmirlər. Rüşvət qarşılığında istədikləri valideynlərin uşaqlarını qəbul edirlər”.
Şikayətçilərin bildirdiyinə görə, konkret hallar 2-ci siniflər arasında yerdəyişmə zamanı baş verib. Onların sözlərinə görə, oxşar hallara digər siniflərdə və bağçalarda da rast gəlinir.
Valideynlər aidiyyəti qurumlardanə rüşvət iddialarının araşdırılmasını tələb edirlər.