ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 12:45

[center][/center]
Jurnalist İlkin Muradov Sabunçu Rayon İcra Hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat rüşvət aldığı və daha sonra həmin məbləği geri qaytararaq pulu aldıqlarını təsdiqləyən akta imza atdığı barədə iddia irəli sürüb.
Gununsesi.info-nun xəbərinə görə, İlkin Muradov hadisənin təfərrüatlarını açıqlayıb.
Jurnalistin sözlərinə görə, onun uşaqlıq dostu illər əvvəl Sabunçuda aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyib.
Bununla bağlı icra hakimiyyətinin mühəndisi ilə əlaqə saxlanılıb. Muradovun iddiasına əsasən, mühəndis tikinti məsələsinin “dədə-baba qaydası” ilə həll olunmasını təklif edib və bunun qarşılığında 22 min manat pul alıb.
İlkin Muradov yazır ki, mühəndisin dediyinə görə, həmin pul üç qurum arasında bölüşdürülməli olub. 6 min manat isə icra hakimiyyətinə çatdırılması üçün mühəndis tərəfindən başqa bir vəzifəli şəxsə verilib.
Bundan sonra evin tikintisinə başlanılıb.
Jurnalistin iddiasına görə, tikinti işləri aylarla davam edib və evin pəncərələri quraşdırılarkən icra hakimiyyətinin əməkdaşları tərəfindən tikili sökülüb.
Muradov bildirir ki, hadisədən təxminən 6-7 ay sonra pulun icra hakimiyyətinə çatmalı olan hissəsinin verilmədiyi məlum olub.
Jurnalistin sözlərinə görə, dostu dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbulunda olub.
İddia edilir ki, həmin görüşlər zamanı 22 min manatı alan iki şəxs pulu aldıqlarını təsdiqləyiblər.
Muradov yazır ki, vətəndaşa müxtəlif vaxtlarda evin səhvən söküldüyü, kompensasiya veriləcəyi və ya başqa ərazidə torpaq sahəsi ayrılacağı bildirilib. Bu danışıqların aylarla davam etdiyi qeyd olunur.
“22 min manatı geri qaytardılar və akt imzaladılar”
İlkin Muradovun fikirlərində ən diqqətçəkən məqam kimi vətəndaşın rəsmi qurumlara şikayət etməsindən sonra baş verən hadisədir.
Jurnalistin iddiasına görə, vətəndaş bir neçə gün əvvəl rəsmi qurumlara müraciət etməyə başlayıb. Bundan sonra icra başçısının göstərişi ilə sözügedən iki məmur aldıqları 22 min manatı geri qaytarıb.
Muradov bildirir ki, bununla bağlı akt da tərtib olunub və hər iki məmur həmin sənədə imza atıb.
“İcra başçısının göstərişi ilə onun işçiləri vətəndaşdan 22 min rüşvət aldıqlarını təsdiq edən sənədə imza atıblar”, – deyə jurnalist yazıb.
Muradov qeyd edir ki, əvvəlcə bu məlumatı eşidəndə buna inanmayıb, lakin sonradan sənədi öz gözləri ilə gördüyünü bildirib.
Jurnalistin paylaşımına görə, məsələnin daha bir diqqətçəkən tərəfi 22 min manat aldığı iddia olunan şəxslərin ailə əlaqələridir. Muradov həmin şəxslərdən birinin atasının, digərinin isə əmisinin yüksək vəzifəli şəxslər olduğunu qeyd edib.
Hazırda bu iddialarla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin, adıçəkilən məmurların və digər aidiyyəti şəxslərin mövqeyi məlum deyil.
Qeyd edək ki, Adil Vəliyev 2012-ci ildən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.
Zəruri qeyd: məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gununsesi.info


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti