[center]
[/center]
Naxçıvanda dövlət tenderləri üzrə iş görən sahibkarlardan pullarını almaq üçün rüşvət tələb olunduğu bildirilir. İddialara görə, bunun üçün Naxçıvan Maliyyə Nazirliyində qanundan kənar əlavə “maneə sistemi” yaradılıb.
Sahibkarlar deyirlər ki, tenderi qazanır, işi görür, təhvil verir, bir sözlə, bütün sənədləri qaydasında olur.
Süni “maneə sistemi” məhz bundan sonra işə düşür. İddiaya görə, həmin sistemdə təsdiq verilmədikcə dövlətin sahibkara ödəməli olduğu vəsait köçürülmür.
Rüşvət tələbi də bu mərhələdə ortaya çıxır. Sahibkarlar iddia edirlər ki, ödənişi ala bilmək üçün ümumi məbləğin 30 faizini nazirliyə rüşvət kimi verməlidirlər.
Şikayətçilər deyirlər ki, nazirlik bu qeyri-rəsmi ödənişi “halallaşmaq” adlandırır.
Adının çəkilməsini istəməyən sahibkarlardan biri deyir ki, tender üzrə işi tam başa çatdırıb təhvil versə də, ödənişini ala bilmir:
“Dövlət idarəsinin tenderini qazanmışıq, işi görmüşük, iş yoxlanılıb, bütün aidiyyəti qurumlar da rəy verib. Buna baxmayaraq, pulumuzu ala bilmirik. Maliyyə Nazirliyində yaradılan əlavə tətbiqdən təsdiq verilməlidir. Təsdiqi saxlayırlar ki, gedib ‘halallaşaq’. Mən niyə gördüyüm işin pulunu almaq üçün kiməsə əlavə pul verməliyəm? İş görülüb, sənədlər təsdiqlənib, dövlət bizə borcludur. Bəs bu pul niyə əlavə sistemdə saxlanılır və son təsdiqi kim verir?”
Digər sahibkar isə deyir ki, problem tək bir şirkətlə məhdudlaşmır:
“Pulu aylarla saxlayırlar. Sonra məcbur olursan aidiyyəti şəxslərə müraciət edib ‘halallaşasan’. Pul verəndə məsələ həll olunur, verməyəndə ödəniş qalır. Bu, Naxçıvanda bir çox sahibkarın problemidir. Bizə də açıqlamırlar ki, bu sistem hansı qanunla yaradılıb, kim yaradıb, hansı vəsaitlə hazırlanıb və dövlət idarələrində hansı hüquqi əsasla tətbiq olunur. Hər hansı nazir özünə ayrıca proqram yaradıb dövlətin sahibkara ödəməli olduğu pulu onun üzərindən saxlaya bilərmi?”
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Nazirliyin mövqeyi təqdim olunarsa, onu da dərc etməyə hazırıq.
"Gündəlik Naxçıvan"