[center]

[/center]
Türkiyəli iş adamı Ercan Koçak Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir.
“Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, 2020-ci ildə dünyada COVİD -19 pandemiyasının yayıldığı bir vaxtda Azərbaycanda tibbi maska istehsal edilməsi üçün avadanlıqların gətirilməsində, fabrikin qurulmasında və xammalla təchiz olunmasında xidmətləri olub.
O, şərikli iş qurduğu azərbaycanlı iş adamı, “Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva tərəfindən aldadılaraq 715 min dollar vəsaitinin ələ keçirildiyini deyir: “Məni şəriklik, iş ortaqlığı kimi vədlərlə illərlə aldadan Səkinə Babayevə etibarımı qazandıqdan sonra ayrı-ayrı vaxtlarda Türkiyədən Azərbaycana göndərdiyim toplam 715 000 ABŞ dollar dəyərində malın pulunu illərdir ki, bütün xahişlərim və tələblərimə rəğmən ödəmir. Mən Səkinə Babayeva ilə 2014-cü ildə tanış olmuşam, onun dəvəti ilə Azərbaycana gəldikdə, Bakı şəhərində “Baksol” yolu adlanan ərazidə “fabrika” dediyi yerə gedib baxanda, danışdıqlarının əksinə, bu sahədə çox təcrübəsiz olduğunu anladım. Onun sahibi olduğu tekstil fabrikinin tam qurulması üçün əlimdən nə gəlirsə, köməklik etdim və 2020-ci ilədək Səkinə Babayevaya istehsal üçün lazım olan tesktil məhsulları göndərdim. Göndərdiyim məhsulların ödənişləri aramızdakı razılaşmaya görə ABŞ dollar ilə ödənilirdi. 2020-ci ildə yuxarıda da qeyd etdiyim kimi, COVİD-19 pandemiyası zamanı tibbi maska istehsalı üçün avadanlıq və xammal göndərilməsində iştirak etdim. Bir daha qeyd edirəm ki, mən həm avadanlığı, həm də xammalı ozamankı dəyərindən on qatlarla ucuz qiymətə göndərirdim. Ağır günlərdə doğma Azərbaycanımıza kömək üçün artıq qazanc güdmədən gecə-gündüz çalışdıq.
Lakin pandemiyadan sonra yenidən əvvəlki kimi tekstil məhsullarını göndərdiyim zaman artıq Səkinə Babayeva məhsulların pulunu ödəməməyə başladı. Mən aramızda qarşılıqlı güvən olduğunu düşündüyüm üçün məhsul göndərilməsini dayandırmadım. Məhsulların hamısı Türkiyə Respublikasından Azərbaycan Respublikasına “ölkədən çıxma idxal bəyannaməsi” ilə göndərilib”.
Ercan Koçak əlavə edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.
İttihamlarda adı keçən “Bakı Tekstil Fabriki”nin direktoru Səkinə Babayeva ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında iddiaları təkzib etdi. Xanım sahibkar Ercan Koçakın bir neçə ildir onu və övladlarını şantaj etdiyini, müxtəlif yollarla təhdid edərək pul almaq istədiyini iddia edib: “Biz onun atası Elemdar Koçakla 12 il əvvəl birgə iş qurmuşuq və fəaliyyət göstərmişik, həmin dövrdə hər şey qaydasında idi. Alemdar Koçak vəfat etdikdən sonra oğlu Ercan Koçak mənim oğlumla şərikli iş qurub. Mənim onunla heç bir ortaqlığım yoxdur və dediklərinin hamısı şər-böhtan xarakterlidir. Belə ki, oğlum onunla birgə qurduğu işdən çıxmaq üçün Türkiyədəki evini sataraq ödədi, həmçinin Bakıda Ercana 180 min manat ödəniş edilib. Bundan sonra E.Koçak ona hər hansı borcumuzun olmamasına dair sənədi də imzalayıb. Lakin sonradan hansısa şəxslərin yönləndirməsi ilə, hansısa düşüncələrə qapılaraq yenidən hədə-qorxu üsuluna əl atmaqla pul əldə etmək fikrinə düşüb. Həmçinin qeyd etmək istəyirəm ki, sahibkarlar arasındakı biznes narazılıqları və sair iqtisadi məsələlər olduğundan məsələ İqtisadi Məhkəmənin predmetidir. Lakin bu şəxs 2 aydan artıqdır polisə müraciət edib. Əgər mənim əməllərimdə hər hansı qeyri-qanuni tərkib olardısa, barəmdə cinayət işi açılardı. Lakin elə bir hal yoxdur, ola da bilməz. Biz Türkiyədən aldığımız bütün malların gömrük rəsmiləşdirməsini, ödənişləri, vergi bəyannamələri hamısını qanunvericiliyə uyğun şəkildə təmin etmişik. Onların göndərdikləri dəzgahların da hamısı işlənmiş və yararsız olduğuna görə fəaliyyətsiz qalıb. Bütün bunlara dair sənədləri də aidiyyəti qurumlara təqdim etmişik”.
İş adamı əlavə edib ki, pandemiya dövründə gücləndirilmiş rejimdə işləyiblər və 4 milyon manatdan artıq ziyan ediblər.(“Qafqazinfo”)
Aslan Vəliyev