[center]

[/center]
Son günlər paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərin narazlığına səbəb olan yeni hal müşahidə olunur.
Belə ki, əvvəllər müştərilərə ödənişsiz təqdim olunan yaş salfetkaların artıq pulla verilməsi halları var.
[b]“Cebheinfo.az” [/b]xəbər verir ki, restoranlarda çörək, çay və əlavə sifarişlər üçün ayrıca ödəniş tələb olunması artıq geniş yayılmış vəziyyətdir.
Lakin indi masada istifadə üçün verilən birdəfəlik yaş salfetkanın da hər ədədinə görə pul alınması müştərilərdə haqlı suallar yaradır. Belə hallardan biri dünən paytaxtın "Fəvvarələr bağı” razisində yerləşən “Saurma 1” restoranında müşahidə olunub.
Yeməkdən sonra birdəfəlik nəm salfetka istəyən müştəriyə onun ödənişli olduğu bildirilib və hər salfetka üçün ayrıca məbləğ tələb olunub. Oxşar vəziyyətin Bakıda fəaliyyət göstərən digər restoranlarda da müşahidə edildiyi bildirilir.
Əvvəllər müştəri restoranda yaş salfetka istədikdə bunun üçün ayrıca ödəniş tələb olunmurdu, bəzi restoranlar isə həm də reklam xatirinə masaya birdəfəlik yas salfetkalar qoyurdu. İndi isə bəzi restoranlarda bir ədəd salfetka belə pullu xidmətə çevrilib. Müştəri salfetka istəyir, qarşılığında isə ona bunun ödənişli olduğu bildirilir.
Açığı, burada düşündürücü məqam salfetkanın qiyməti deyil, xidmətləri heç də ucuz olmayan restoranların belə belə xırda bir şeyə görə ayrıca ödəniş tələb edilməsidir. Bir ədəd birdəfəlik yaş salfetkanın qiyməti nə qədər ola bilər ki, restoran onu da müştərinin hesabına yazmağı vacib hesab ediir?
Müştəri onsuz da restoranda yeməyə, içkiyə və xidmətə görə pul ödəyir. İndi isə masada istifadə etdiyi salfetkanın da hesabını ayrıca ödəməli olur. Bu yanaşma isə restoranlarda gələcəkdə daha hansı adi ehtiyacların ayrıca ödənişə çevrilə biləcəyi ilə bağlı təsəvvür yaradır.
Ən diqqətçəkən məqam isə odur ki, artıq bəzi restoranlarda sanki ən xırda şeydən belə pul qazanmaq yanaşması formalaşıb. Əvvəllər adi və ödənişsiz hesab olunan salfetka kimi sadə bir vasitə də indi ayrıca ödənişə cəlb edilir.
Bu da müştəridə belə bir fikir yaradır ki, restoranlar əlavə gəlir əldə etmək üçün mümkün olan hər bir xırda imkandan istifadə etməyə başlayıblar. Halbuki xidmət sektorunda müştəri məmnuniyyəti yalnız yeməyin keyfiyyəti ilə ölçülmür.
Müştərinin restoranda özünü necə hiss etməsi və ona hansı münasibətin göstərilməsi də mühüm əhəmiyyət daşıyır. Bir neçə qəpiklik salfetkanın pulunu almaq müştəri üçün böyük maddi ziyan, restoran üçün isə böyük gəlir gətirməyə bilər.
Amma bu cür xırda ödənişlər müştəridə haqlı narazılıq yarada, restoran haqqında mənfi fikir formalaşdıra bilər.
Əgər bu yanaşma davam etsə, sabah restoranda istifadə etdiyimiz hər adi şeyə görə ayrıca pul tələb olunması da təəccüblü olmayacaq. Bu gün yaş salfetka, sabah isə başqa bir xırda vasitəyə görə pul tələb olunacaq.