[center]

[/center]
Ötən gün Nizami rayonu Keşlə qəsəbəsində yüzlərlə ev su altında qaldı. Səbəb Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında yerləşən kollektortorda yaranmış problem və onun aylardır həll edilməməsi idi.
Bizimesr.az bildirir ki, hadisə yerinə Bakı meri Eldar Əzizov və ADSEA rəhbəri Zaur Mikayılov gəlib və su altında qalan evləri xilas etmək üçün Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində inşa edilmiş evin sökülməsi barədə qərar verilib.
Məlum olub ki, bu ev kollektor xəttinin üzərində qanunsuz şəkildə tikilib. Tikilinin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və bu da Keşlə qəsəbəsi ərazisində yağış sularının axıdılmasına ciddi maneələr yaradıb. Nəticədə yüzlərlə ev və mənzil su altında qalıb, sakinlərə maddi və mənəvi ziyan dəyib.
Bütün bunların fonunda baş verəın bu hadisə ətrafında bir sıra suallar açıq qalır. Bu evin hansı dövrdə tikildiyi, kim tərəfindən və hansı icazələrlə inşa olunduğu hələ də dəqiq açıqlanmır.
Evin kollektor üzərində tikintisinə hansı qurumlar icazə verib? Xətai RİH başçısı Rafiq Quliyev bu evin tikintisindən xəbərdar olubmu? Keşlə qəsəbəsində, ümumiyyətlə Xətai rayonunda daha belə neçə ev tikilib və onların sənədləşməsi kimin razılığı ilə baş verib?
Eyni zamanda yaranmış vəziyyət Bakıda tikilən qanunsuz evlərin və obyektlərin sökülməsi üçün əsl tendensiya yaradıb. Amma bu hamısı deyil və bundan sonra rayon icra hakimiyyətlərinin nümayəndələri ilə ev sahibləri arasında qalmaqalların şahidi olacağıq.
[center]

[/center]
Keşlə qəsəbəsi ərazisində kollektorla bağlı yaranan problem səbəbindən yüzlərlə mənzilə ziyan dəyib, insanlara ciddi maddi və mənəvi zərər vurulub. Hansısa rəsmi qurumların səhlənkarlığı üzündən yüzlərlə ev, mənzil yararsız hala düşüb. Bunun məsuliyyəti kimdədir?
Görəsən, Eldar Əzizov və Zaur Mikayılov araşdırıbmı ki, bu ev kollektorun üzərində niyə tikilib və kim buna icazə verib? Araşdırma aparılıbmı?
[center]

[/center]
Bizimesr.az-ın araşdırmasına görə, Keşlədə faciəyə, yüzlərlə evin su altında qalmasına səbəb olan iki mərtəbəli ev Rafiq Quliyevin “icazəsi” ilə tikilib. Daha doğrusu, bu ev “makler evlər” statusuna aiddir və belə evlərin sayı kifayət qədərdir.
Maraqlıdır ki, 3 ay əvvəl təhlükə yaradan bu ev niyə vaxtında sökülmədi? Əgər bu tikili vaxtında aradan qaldırılsaydı, Keşlə qəsəbəsi ərazisində yüzlərlə ev su altında qalmazdı.
Daha bir məlumata görə, yaxın günlərdə Xətai RİH başçısı Rafiq Quliyev vəzifədən azad olunacaq.
Bizimesr.az
[center]

[/center]