[center]

[/center]
“Görüş olmadan iş olmaz” hüquqi prosedur, yoxsa qeyri-rəsmi tələb?
Tovuz rayonunda sahibkarlıq fəaliyyəti ətrafında formalaşan mənzərə artıq sıradan inzibati gecikmə təsiri bağışlamır. Ardıcıl müraciətlər, mediaya çıxan məlumatlar və konkret adlarla səsləndirilən ittihamlar göstərir ki, proseslər kağız üzərindəki qaydalardan kənara çıxır, qərarların qəbulunda görünməyən şərtlərdən asılılıq ehtimalı güclənir.
Qanuni prosedurlar tamamlanır, nəticə isə dayanır.
Hacıhəsənli kəndi sakini, sahibkar Tariyel Qasımovun müraciəti vəziyyətin daha açıq və daha kəskin tərəfini ortaya qoyur. Kafe tikintisi üçün bütün sənədlər qaydasında olduğu halda, proses qarşısında qeyri-rəsmi baryerlər formalaşır.
İddialara görə, yerli icra nümayəndəsi kimi təqdim olunan şəxs tərəfindən “rəhbərliklə görüş” tələbi irəli sürülür. Bu tələb adi inzibati addım kimi deyil, nəticəsi əvvəlcədən şərtləndirilmiş proses kimi təqdim olunur. Məntiq sadədir:
razılaşma olmadan fəaliyyət mümkün deyil.
Rüşvət ehtimalı: üstüörtülü mesajlardan açıq nəticəyə
Səsləndirilən fikirlər, “görüş” anlayışının arxasında maliyyə tələbinin dayandığı ehtimalını gücləndirir. Qeyri-rəsmi razılaşma baş tutmadıqda isə obyektin sökülməsi ilə bağlı xəbərdarlıqlar, hüquq-mühafizə mexanizmlərinin işə düşə biləcəyi barədə mesajlar verildiyi iddia olunur.
Belə yanaşma təsdiqini taparsa, məsələ artıq korrupsiya şübhəsindən daha geniş məna kəsb edir — sahibkarlıq fəaliyyətinin qeyri-rəsmi təsir dairəsinə salınması, hüquqi çərçivənin formal səviyyəyə endirilməsi deməkdir.
Təkrarlanan ssenari: fərdi narazılıqdan sistem ehtimalına
Azaflı kənd sakini Oktay Alisgəndərovun müraciətində təsvir olunan vəziyyət, idarəetmədəki boşluğun açıq göstəricisi kimi görünür. Qeyri-yaşayış obyektinin istismara qəbulu üçün tələb olunan bütün mərhələlər yerinə yetirilir, müvafiq rəylər alınır, rüsumlar ödənilir. Lakin yekun mərhələdə proses dayanır. Rəsmi izah təqdim olunmur, gecikmənin səbəbi açıqlanmır.
Belə şəraitdə yaranan sual sadədir, lakin cavabı ağırdır:
Qanun işləyirsə, qərar niyə verilmir?
“Əvvəl razılaşma, sonra fəaliyyət” – iddiaların sərt konturları
Bir fakt lokal problem kimi qiymətləndirilə bilərdi. Oxşar məzmunlu müraciətlərin artması isə mənzərəni dəyişir. Eyni tipli iddiaların müxtəlif mənbələrdə səslənməsi, əlavə olaraq dövlət satınalmalarında “bir mənbədən satınalma” hallarının çoxluğu ilə bağlı müzakirələr, qərarların şəffaflığı ilə bağlı ciddi suallar yaradır.
Bu kontekstdə əsas sual qaçılmazdır:
Qərarlar hüquqi əsaslarla verilir, yoxsa qeyri-rəsmi münasibətlər çərçivəsində formalaşır?
Biznes mühitinə zərbə: risk yalnız bir sahibkarla məhdudlaşmır
Formalaşan mühit sahibkarlıq üçün ən təhlükəli siqnalı verir — qeyri-müəyyənlik. Qaydaların dəyişkənliyi, qeyri-rəsmi tələblərin mövcudluğu ehtimalı, investisiya qərarlarını birbaşa təsir altına salır. Belə şəraitdə nə yeni biznes təşəbbüsü yaranır, nə də mövcud fəaliyyət sabit qalır.
Bu, tək bir sahibkarın problemi deyil. Regionun iqtisadi dinamikası üçün ciddi riskdir.
Susqunluq, izahsızlıq şübhəni gücləndirir
Bütün iddialar fonunda diqqəti cəlb edən əsas məqam rəsmi mövqenin olmamasıdır. Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən nə aydın təkzib təqdim olunur, nə də detallı izah verilir.
Onlar niyə susur:
əsassız iddia faktlarla təkzib olunur, əsaslı iddia hüquqi qiymət tələb edir.
Cavabsız qalan suallar:
Ortada konkret müraciətlər, adlar və ciddi ittihamlar var. Cavab isə hələ də yoxdur. Bu vəziyyət artıq lokal çərçivəni aşır, idarəetmədə şəffaflıq və qanunun aliliyi məsələsinə çevrilir.
Əsas sual dəyişmir:
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Azerinews.az
[center]

[/center]