Bərdənin icra başçısı nə günə orda oturub... - NARAZILIQ VAR...

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 11:37

[center][/center]
"Bərdə şəhərinin mərkəzi hissəsində, 6 nömrəli məktəbin arxasında yerləşən, keçmiş Gəncə, indiki şəhid Rəcəb Qurbanov küçəsinin yolları bərbad vəziyyətdədir. Küçənin həm yaşlı sakinləri, həm də məktəblilər gündəlik olaraq bu yollarla hərəkət edərkən ciddi çətinliklərlə üzləşirlər...Bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında jurnalist Xəyyam Salmanzadə yazaraq gileylənir.
O daha sonra bildirir: "Olduqca maraqlıdır ki, hər il şəhərin abadlaşdırılması üçün yüz minlərlə manat vəsait ayrıldığı halda, nədənsə Bərdənin mərkəzi hissəsində yerləşən bu küçənin yolları diqqətdən kənarda qalır.
Təsəvvür edin, ölkənin ən qədim şəhərlərindən birinin mərkəzində yerləşən küçənin yolları bu gündədir. Sakinlər dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, qarşılığında yalnız şablon cavab eşidiblər: "Növbəti illərdə nəzərə alınacaq".
Amma görünür, Bərdə RİH-in nəzərdə tutduğu növbəti illər heç cür gəlib çatmır. Artıq 15 ilə yaxın vaxt keçsə də, sakinlər hələ də həmin "növbəti il"i gözləyirlər. Nə yol düzəlir, nə də verilən vədlər reallığa çevrilir.
Biabırçılığın daha acı tərəfi isə budur ki, həmin küçə bir şəhidin, bir qəhrəmanın adını daşıyır. Şəhid Rəcəb Qurbanovun adını daşıyan küçənin bu vəziyyətdə olması, əslində, şəhidə göstərilən diqqət və ehtiramın hansı səviyyədə olduğunu da ortaya qoyur.
Şəhidin adını küçəyə verməklə iş bitmir. Onun adını daşıyan küçəyə, həmin küçədə yaşayan insanlara da diqqət və qayğı göstərilməlidir. Şəhid adlarının yaşadılması yalnız lövhələrdə ad yazmaqla deyil, o adın daşıdığı küçələrə, ərazilərə və orada yaşayan insanlara layiqli münasibət göstərməklə mümkündür.
Bərdə RİH, görəsən, şəhid Rəcəb Qurbanovun adını daşıyan bu küçənin yollarını nə vaxt düzəltməyi planlaşdırır? Yoxsa sakinlər daha 15 il "növbəti illər" cavabını gözləməlidirlər?
Qeyd edim ki, küçə sakinləri sonuncu dəfə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevə müraciət edirlər. Sakinlər düşünürlər ki, əgər bu dəfə də müraciətləri nəticəsiz qalarsa, özləri pul toplayaraq küçəni abadlaşdırmağa çalışacaqlar.
Amma həmin küçənin sakinləri də imkanlı insanlar deyillər. Bu soyuq və şaxtalı havada günü 12 manata işləyən ofisiant, günü 15 manata işləyən fəhlə, dəmir yığmaqla günü 8 manat qazanan, günə 5-6 manat qazanmaq üçün peraşki satan və digər zəhmətkeş insanlar...
Ümid edirəm, milyonluq mülkləri, obyektləri, villaları olan məmur(lar) bunu vicdanlarına sığdırıb gözləməzlər ki, peraşki satan, fəhlə və ofisiant öz aralarında pul toplayaraq şəhidin adını daşıyan küçəni abadlaşdırmağa məcbur qalsınlar.
Axı küçələrin abadlaşdırılması sakinlərin deyil, aidiyyəti qurumların vəzifəsidir! İnsanlar öz zəhmətləri ilə çörək pulu qazanmağa çalışmalıdırlar, dövlət qurumlarının görməli olduğu işləri öz üzərlərinə götürməyə yox..."(DİA-AZ)


2 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti