"Mən, əlil vətəndaş, ictimai fəal Cəfərov Akif Azadxan oğlu, şəxsən üzləşdiyim bu xoşagəlməz vəziyyəti ictimailəşdirməyi və aidiyyəti qurumların diqqətinə çatdırmağı özümə borc bilirəm..." Bu barədə TƏBİB rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "24.11.2026 cı il tarixində dərmanlarımı əldə etmək məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdim. Lakin dərman almaq üçün keçməli olduğum prosedur, qarşılaşdığım izdiham, növbələr və məsul şəxslərin münasibəti, xəstəyə göstərilən tibbi xidmət anlayışı ilə qətiyyən uzlaşmır.
Belə ki, ilk növbədə, resepsiyonda elektron sistem vasitəsilə çek əldə etmək üçün uzun müddət gözləməlisən. Burada cəmi 5-6 əməkdaşın vətəndaşlara xidmət göstərməsi səbəbindən ciddi sıxlıq yaranır. Xəstələr saatlarla ayaq üstə dayanaraq növbələrini gözləyirlər.
Nəhayət min əzab-əziyyətlə çeki aldıqdan sonra,anket otağına üz tutmalısan. Hər gün yüzlərlə vətəndaşa xidmət göstərən bu "Anket otağı"-da cəmi 3-4 tibb işçisi çalışır. Nəticədə yenidən izdiham, basabas və uzun növbələr yaranır.
Söhbət sağlam insanların hansısa dövlət idarəsində növbə gözləməsindən getmir. Söhbət xəstəxanaya müalicə almaq üçün gələn, sağlamlıq imkanları məhdud olan, yaşlı, ağrıları olan əlillər və bəzən ayaq üstə dayanmağa belə çətinlik çəkən insanlardan gedir!
Belə insanları saatlarla növbələrdə saxlamaq hansı xidmət anlayışına sığır?
Bütün bu mərhələlərdən sonra aidiyyəti həkimin qəbuluna gedirsən.Həkim dərmanları təyin edir, resepti hazırlayır, imzalayır və möhürləyir. Düşünürsən ki, nəhayət, dərmanlarını əldə edə biləcəksən. Amma yox!
Bununla iş bitmir!
Hələ bu dəfə də poliklinikanın rəhbəri Pediatr Aygün xanıma müraciət etməli, reseptə ikinci möhür vurdurmalısan.
(Diqqət! -Pediatr olan həkim poliklinika müdiri işləyır.) Yalnız bundan sonra xəstəxananın aptekindən dərman almaq imkanın yaranır.
Sual yaranır: Həkimin təyin etdiyi, imzaladığı və möhürlədiyi reseptə ikinci möhürün vurulması hansı zərurətdən irəli gəlir? Bu prosedur hansı normativ sənədə əsaslanır?
Məhz bu səbəbdən poliklinikanın rəhbəri Aygün adlı Poliklinika müdiri, terapevtin qarşısında da böyük insan izdihamı yaranır.
P.S. (Böyüklərin müalicə olunduğu tibb müəsisəsinə Direktor və Pediatr Canəli Nəbiyev tərəfindən uşaq həkimi Aygün xanım böyüklər üçün nəzərdə tutulmuş poliklinikaya müdir təyin olunub)!!!!!!
Xəstə vətəndaşlar əllərindəki reseptləri imzalatmaq üçün indi də soyadını bilmədiyim vaxtılə pediatr işləmiş,hazırda isə Xəstəxananın direktoru Canəli Nəbiyevin əmri ilə poliklinikanın yeni şöbə müdiri təyin olunmuş Pediatr Aygün adlı tibb işçisjnin qəbuluna düşməlidirlər.Reseptlərimi imzalatmaq üçün otağa daxil olarkən, məsələ ilə bağlı öz etirazımı bildirdim. Vətəndaş olaraq soruşdum ki, bu qədər xəstə insanın əlavə əziyyət çəkməsinə səbəb olan ikinci möhürün məqsədi nədir və niyə xidmət bu qədər mürəkkəbləşdirilib?
Təəssüf ki, qarşılığında eşitdiyim cavab və müşahidə etdiyim davranış daha ciddi narahatlıq doğurdu.
Mənimlə söhbət zamanı Aygün adlı əməkdaşın yüksək səslə və kinayəli baxışları ilə,vətəndaşın narazılığına hörmətsiz yanaşaraq belə ifadələr işlətdiyini bildirirəm:
-"Sizin kimi xəstələr çox gəlib-gedib bura. Hamısı da bu vəziyyətdən şikayət edir. Bəsdirin daha! Birdəfəlik bilin ki, bu işlər belə olub və belə də olacaq. Hara ürəyiniz istəyir, müraciət edin, bildirin! Biz belə işləyirik. Əziyyət çəkirsinizsə, gəlməyin bura!"
Əgər vətəndaşın şikayətinə verilən cavab budursa, onda dövlət tibb müəssisələrində vətəndaş məmnunluğundan necə danışmaq olar?
Hansı vəzifə və səlahiyyət bir tibb işçisinə xəstə vətəndaşa "Əziyyət çəkirsinizsə, gəlməyin bura!" demək haqqı verir?
Xəstəxana kiminsə şəxsi mülkü deyil!
TƏBİB-dən xahiş və tələb edirik:
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında dərmanların verilməsi prosesindəki çoxmərhələli və uzun növbə sisteminə dəyişiklik edilsin.
Xəstələrin eyni dərmanı əldə etmək üçün müxtəlif otaqlarda saatlarla növbəyə dayanmasının qarşısı alınsın və proses sadələşdirilsin.
Əlilliyi olan şəxslər, yaşlılar və hərəkət məhdudiyyəti olan xəstələr üçün növbədənkənar və ya üstün xidmət mexanizmi tətbiq edilsin.
Aygün adlı şöbə müdiri Pediatr (Uşaq həkimi) müdirinin necə bu vəzifəyə gəldiyi, onun psixoloji durumu, davranışları araşdırılsın, onun xəstələrlə ünsiyyəti və etik davranış qaydalarına riayət etməsi yoxlanılsın.
Ümüdvaram ki,qeyd etdiyim şikayət dolu müraciətimə formal olaraq baxılmayacaqdır.Qeyd etdiyim ciddi narahatlıq doğuran məsələ ilə bağlı iş obyektib şəkildə araşdırılaraq,vətəndaş məmnunluğu təmin ediləcəkdir..."(Dia-az)