"Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 09:30

[center][/center]
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksi uzun müddətdir ki, elektrik enerjisi hesablaşmalarında yaranan ciddi problemlər və əsassız borc tələbləri ilə üz-üzə qalıb. Kompleksin nümayəndələrinin və sakinlərinin sözlərinə görə, təchizatçı qurumlar tərəfindən tətbiq edilən süni "itki" rəqəmləri Mənzil-Təsərrüfat Kooperativlərinin (MTK) və sakinlərinin büdcəsini ağır şəkildə sarsıdır.
Problem təkcə adi məişət səviyyəsində deyil, kompleksin ümumi infrastrukturunun işləməsində, liftlərin dayandırılmasında, su təchizatının iflic olmasında və sakinlərin gündəlik yaşayış keyfiyyətində özünü kəskin göstərir.
Kompleksin nümayəndəsi Anar Məmmədovun bildirdiyinə görə, yaşayış massivində ümumi elektrik sərfiyyatını dəqiq ölçmək və şəffaflığı təmin etmək məqsədilə hər bina üzrə liftlərə, su nasosxanasına, həmçinin həyət və blokların işıqlandırılmasına xidmət edən ümumilikdə 10 ədəd müasir nəzarət sayğacı quraşdırılıb. İdeyaya görə layihə üzrə bu sayğaclar kompleksin faktiki xərclədiyi enerjini tam dəqiqliyi ilə ortaya qoymalıdır.
Nümayəndə deyir ki, reallıqda mənzərə tamamilə fərqlidir və böyük suallar doğurur: Aylıq ümumi elektrik enerjisi haqqı olaraq kompleksə təxminən 7 min manat məbləğində hesab təqdim edilir. Quraşdırılmış 10 ədəd yerli nəzarət sayğacının real göstəriciləri üzrə faktiki sərfiyyat isə cəmi 5 min manat təşkil edir. Qalan 2 min manatdan çox fərq "texnoloji itki" adı altında, heç bir texniki audit və əsaslandırma aparılmadan birbaşa kompleksin daxili hesabına yazılır.
Məsələn, cari ilin fevral ayının göstəriciləri xüsusilə diqqətçəkəndir. Həmin ay kompleksə heç bir obyektiv əsas göstərilmədən 225 539 kilovat-saat, maliyyə ekvivalentində 3 min 192 manat 38 qəpik dəyərində əlavə itki borcu tətbiq edilib. Daxili hesablamalarına görə, bu məbləğin cəmi 208 manatı MTK-nın birbaşa fəaliyyətinə və idarəçiliyinə aid edilə bilər. Lakin aidiyyəti qurumlar bütün böyük məbləği fərq qoymadan tam şəkildə sakinlərdən və MTK rəhbərliyindən tələb etməkdə davam edirlər".
Nümayəndə deyir ki, yaranmış ziddiyyətli vəziyyətlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialına ünvanlanan rəsmi müraciətlərə verilən cavabda məsələyə aydınlıq gətirmək əvəzinə suallar doğurur. Cavabda bildirilir ki, Nazirlər Kabinetinin 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.13-cü bəndinə əsasən, subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki texnoloji itkilər subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilməlidir.
Buna baxmayaraq, əlaqədar ASC məsələnin kompleksin daxili texniki təchizat sxemi və kabel xətlərinin vəziyyəti ilə əlaqədar olduğunu əsas gətirərək, itkilərin araşdırılması üçün kompleksin daxili elektrik enerjisi təchizatı layihəsinin və sənədlərinin təqdim olunmasını tövsiyə edir.
Kompleks rəsmisi olaraq diqqətə çatdırırıq ki, MTK-nın nəzdində bu miqyasda texniki problemləri aşkarlayacaq peşəkar energetik mütəxəssis heyəti yoxdur. Qanunvericiliyə və təhlükəsizlik qaydalarına əsasən, MTK-nın və ya sakinlərin yüksək gərginlikli şəbəkələrə, transformatorlara və paylayıcı sayğac qurğularına müdaxilə etmək səlahiyyəti və imkanı yoxdur".
Nümayəndə deyir ki, əlaqədar qurumlar məsuliyyəti bir-birinin üzərinə atır, ağır maliyyə yükü isə yenə də vətəndaşın çiynində qalır: "Təchizatçı qurumlar iddia olunan borclar ödənmədikdə dərhal kompleksin su nasos xanasının, liftlərinin və binaların ümumi işıqlandırma xətlərinin elektrikeni kəsirlər. Nəticədə yüzlərlə ailə günlərlə susuz və liftsiz qalır. Kassa göstəricisi ilə real işlətdiyi enerjinin üst-üstə düşmədiyini görən sakinlərsə başqalarının, yaxud ümumi şəbəkədəki naməlum sızmaların hesabına yazılan şişirdilmiş məbləğləri ödəməkdən qətiyyətlə imtina edirlər. Sakinlərin imtinası nəticəsində komunnal haqq yığımı prosesi tamamilə pozulur, MTK fakt qarşısında aciz qalır və kompleksi getdikcə dərinləşən borc bataqlığından çıxarmaq mümkün olmur. "Uğur-2" yaşayış kompleksinin sakinləri, mənzil mülkiyyətçiləri və rəhbərliyi aidiyyəti dövlət qurumlarından, xüsusən Energetika Nazirliyi və "Azərişıq" ASC-dən təcili olaraq işə müdaxilə etməyi, texniki komissiya ayıraraq bu texnoloji itkilərin real mənbəyini obyektiv şəkildə araşdırmağı və süni şəkildə vətəndaşların üzərinə qoyulan əsassız maliyyə yükünü ləğv etməyi xahiş edirlər".
Musavat.com


1 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti