“Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 17:55

[center][/center]
“Gəncə İlməçi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri arasında mübahisə yaranıb.
Qaynarinfo-nun məlumatına görə, iş adamı Pərviz Salman oğlu Hacıyev məhkəməyə ərizə ilə müraciət edib.
Ərizəçi məhkəmədə bildirib ki, 2023-cü ildə “Gəncə İlməçi” MMC-nin təsisçilərindən Camaləddin Nurəddin oğlu İsmayılovla notariat qaydasında müqavilə bağlayıb. Alqı-satqı müqaviləsinə əsasən, C. İsmayılov “Gəncə İlməçi” MMC-dəki təsis payını Pərviz Hacıyevə satıb.
Bundan sonra “Gəncə İlməçi” MMC-nin yeni nizamnaməsi hazırlanıb. Alqı-satqı müqaviləsindən sonra Pərviz Hacıyev MMC-nin hesabına işlərin inkişaf etdirilməsi üçün 1 milyon 998 min 750 manat pul köçürüb.
“Gəncə İlməçi” MMC-nin digər təsisçisi Həsən Hüseyn oğlu Yaqubov maraqlı şəxs üzərinə öhdəlik götürüb ki, yeni paylara uyğun olaraq təsis payını Vergilər Departamentində qeydiyyata saldır­sın. Lakin bu günədək sözügedən iş icra olunmayıb.
Hazırda ərizəçi tərəfindən cavabdehlərə pretenziya göndərilib. Pretenziyada müəyyən edilmiş müddət başa çatdıqdan sonra cavabdehlərə qarşı iddia qaldırılacağı bildirilir. İddiada “Gəncə İlməçi” MMC-nin nizamnaməsində dəyişiklik edilərək yeni paylara uyğun olaraq təsis payının Vergilər Departamentində qeydiyyata alınması ilə bağlı öhdəlik qoyulması tələb ediləcək.
Məlum olub ki, C. İsmayılov “Gəncə İlməçi” MMC-yə məxsus “X1” ərazisində söküntü işləri aparır, həmçinin sökülən avadanlıqları kombinatın ərazisindən çıxarır.
Ərizəçi cavabdehin üzərinə “X1” ərazisində dağıntı və söküntü işlərinin aparılmasına, həmçinin “Gəncə İlməçi” MMC-dəki təsis payının özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş edib.
Məhkəmənin qərarı ilə cavabdehlər “Gəncə İlməçi” MMC-yə və Camaləddin Nurəddin oğlu İsmayılova “X1” ərazisində dağıntı və söküntü işlərinin aparılması, sökülən avadanlıqların kombinatın ərazisindən çıxarılması, həmçinin “Gəncə İlməçi” MMC-dəki təsis payının özgəninkiləşdirilməsi qadağan edilib.
Qeyd edək ki, C. İsmayılov Azərbaycanda metal məmulatlarının əridilməsi və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən, sonradan adı “AzeSteelCompany” ASC olaraq dəyişdirilən, keçmiş “Ekspress-C” ASC-nin əsas səhmdarı və sahibkarıdır.
Qaynarinfo


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti