[center]

[/center]
Qəbələnin Vəndam kəndində fəaliyyət göstərən “A Frame by EastWest” istirahət evindən şikayət edilib.
Bununla bağlı “Müştəriyəm, Şikayətim Var” sosial qrupunda paylaşım edilib. Şikayətçi bildirib ki, 3 günlük istirahət üçün evə 800 manat ödəyib. Lakin qalma müddətində su və elektrik enerjisi ilə bağlı ciddi problemlərlə üzləşib.
Vətəndaşın sözlərinə görə, axşam saatlarından su kəsilib və səhərədək bərpa olunmayıb. Suyun gəldiyi vaxt isə bir neçə qab yuyulduqdan sonra yenidən kəsildiyi qeyd edilib. Şikayətçinin iddiasına görə, evdə elektrik enerjisi ilə bağlı da problem yaşanıb. Ona bildirilib ki, generatorun benzini bitib. Lakin generatorun uzun müddət işə salınmadığı və bunun nəticəsində kondisionerdən istifadə etməyin mümkün olmadığı bildirilib.
Vətəndaş qeyd edib ki, yalnız pulunun qaytarılmasını və evdən çıxmaq istədiyini bildirdikdən sonra generator işə salınıb.
Şikayətdə hovuzun vəziyyəti ilə bağlı da narazılıq ifadə olunub. Bildirilir ki, hovuz təmiz olsa da, suda xlorun normadan artıq olduğu düşünülüb. Şikayətçinin sözlərinə görə, bu səbəbdən yeniyetmə qızının üzündə qıcıqlanma yaranıb və uşaq ikinci gündən sonra hovuza girə bilməyib.
Şikayətçi həmçinin “A Frame by EastWest”in Instagram səhifəsində yazdığı rəyin silindiyini iddia edib.
“800 manat pul verdik, göstərdikləri xidmət heç nə”, – deyə narazı vətəndaş bildirib.
Qeyd edək ki, səsləndirilən iddialar şikayətçinin paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.media