AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 11:44

[center][/center]
Yay mövsümü-istirahət, dincəliş sona çatmaq üzrədir. Bu mövsümdə hamının gözü AHİK-də (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası) yönəlir. AHİK isə keçən ildən yollaylş verilməsini elektronlaşdırıb, yalnız elektron sistemdən yollayış verildiyini bildirir. Bu sistemdən isə yollayış almağa faktiki qadağa qoyulub. Nə vaxt sistemə girib, müalicə və istirahət mərkəzlərini seçirsən, ya yer olmur, olanda da güzəşt tətbiq edilmir, tam məbləğ tələb edilir, heç onu da təsdiq etməyə yol verilmir. Amma AHİK müharibə veteranları , 1-ci-2-ci dərəcəli əlillərin, 1-ci dərəcəli əlili müşayiət edən şəxslərin ödənişsiz, həmkarların üzvlərinin 15 faiz güzəştlə yollayış yiyəsi ola biləcəyini vurğulayır. Bəs niyə gerçək yaşamda bu vurğulama baş tutmur? Bu sətirlərin yazarı son bir ildə dəfələrlə elektron rezervasiya sistemi vasitəsilə yollayış almağa çaba göstərsə də, hələ də nəinki pulsuz, nəinki 15 faiz güzəştlə, heç tam məbləğdə də yollayışla təmin oluna bilməyib. Sadəcə, sistemdə yer tapılmır. Belə bəlli olur ki, AHİK əlillərdən, həmkarlardan , necə deyərlər, qara otaqda olmayan qara pişiyi tapmağı tələb edir. Hətta “tapanda” da “təsdiq gözlənilir” adı ilə yollayışın əldə edilməsi elə gözləmədə qalır. Daha bunun nə həmkarlığı oldu ki?!
Elektron sistemin nə qədər üstünlüyü olsa da, texniki kələklə hüquqa qadağa qoyması da üzə çıxır. Müharibə veteranlarına pulsuz yollayış verilməsi təsbit olunub, amma veteran heç sistemdə qeydiyyata düşə bilmir, qeydiyyata düşəndə isə istədiyi yollayışı tapa bilmir, “tapanda” isə tam məbləğ tələb olunur. İndi özünüz fikirləşin, ağlınıza sığışdıra bilirsinizsə, sığışdırın, 80 manat təqaüdə göz dikən müharibə veteranı 3-4 minlik fizioterapiya müalicəsinə yollayışı necə ödəyə bilər? İnanmırsınız, fakt təqdim olunur, 1900 manatlıq Naxçıvan “Duzdağ” mərkəzinə 10 günlük “dincəlmək, müalicə almaq” mümkündür? Pensiya kartında, təqaüd kartında heç bir il toxunmasan, bu qədər məbləğ yığılmır! Bir problem də ondadır ki, çox əlilin, veteranın, heç professorun belə şəxsi kabinet yaratması mümkün deyil. Yəni hamını eldktron sistem adı ilə yollayış hüququndan məhrum etmək həmkarlıq prinsipinə ziddir.
Dəfələrlə AHİK-ə müraciət edib, əlillər üçün elektron sistemdən kənar yollayış verilməsinin təşkili xahiş olunub. Amma həmkarlar əlillərlə həmkarlıqdan imtina edir. Elektron sistem isə rüşvət, korrupsiyaya yol açır. Gerçəkdə bu özbaşınalıq şəbəkə cinayətləri kateqoriyasına aiddir. Yəqin ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi araşdırma aparar. Əlillər isə yenə də yollayışsız, dincəlişsiz durumda qaldılar. Ya Allah, ya DİN, bizə yardımçı olun!
Məğrur Bədəlsoy


2 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti