Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 17:09

[center][/center]
Elnur Cəlilov. Bu şəxs sanki hansısa “fenomenal” xüsusiyyətinə görə bütün dövrlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “favoriti” hesab olunub. Vaxtilə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi işləyəndə nəzarətində olmuş Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında ekologiyanın korlanması işinə “əhəmiyyətli” töhfələr verib. Sonradan 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbərlik edəndə Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarında vəzifəsinin öhdəsindən gələ bilmədiyi barədə informasiyalar yayılıb. Lakin hər dəfə Nazirliyin onun barəsində gördüyü ən “sərt” tədbir bir regional idarədən digərinə rəhbər vəzifəyə transfer edilməsi olub.
Hazırda 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi postunda da eyni siyasəti həyata keçirməkdədir. Bu siyasət isə ölkənin Şimal bölgəsi rayonlarında ekoloji sərvətlərin talan edilməsinə nəyinsə müqabilində göz yummaqdan başqa bir şey deyildir.
Hələ keçən il mediada Elnur Cəlilov barədə tənqidi məlumatlar dolaşırdı ki, o, "Azvirt" və "Falkon" MMC-lərin Vəlvələ çayında qanunsuz istismar işlərinə rəvac verir. Məlumatlarda qeyd olunurdu ki, idarə rəisinin fəaliyyəti (oxu: fəaliyyətsizliyi – müəllif.) xüsusən Xaçmaz və Qusar rayonlarında təbiətə ağır zərbə vurur, bölgədə ekoloji balans pozulur, çayların məcrası dəyişdirilir, Vəlvələ çayında aparılan qeyri-qanuni işlər nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Amma “həyəcan təbili” çalınmasına baxmayaraq, aidiyyəti qurumlar susur, məsul şəxslər isə sanki görməzdən gəlir. Bu susqunluqdan arxayınlaşan Elnur Cəlilov isə Vəlvələ çayına yuxarıda adları qanunsuz qum-çınqıl hasilatçılarından başqa himayə etdiyi istismarçıların da cəlb olunmasına göz yumub. Nəticədə Vəlvələ çayı ekoloji fəlakətlə üz-üzə qalıb.
İnternet resurslarında yerləşdirilmiş informasiyalarda bildirilir ki, Qusar rayonunun ən vacib təbii su mənbələrindən biri sayılan, ətraf kəndlərin su təminatında əsas rol oynayan, yerli ekosistem üçün də böyük əhəmiyyət kəsb edən Vəlvələ çayı son illərdə yatağının talan edilməsi və qeyri-qanuni istismarı səbəbindən bir təbii resurs olaraq ciddi təhlükə ilə üzləşib. Bu proses çayın ekosisteminə böyük zərər vurmaqla yanaşı, su ehtiyatlarının azalmasına, çirklənməyə və bölgənin biomüxtəlifliyinin məhvinə səbəb olur. Çayın təbii axını pozulduğu üçün bölgədə su çatışmazlığı probleminin yarana biləcəyi istisna edilmir.
Çay yatağının qeyri-qanuni istismarının torpağın deqradasiyasına, yeratı su axınlarının dəyişməsinə səbəb olması və torpaq sürüşmələri riskini artması fonunda bu vəziyyətdən əziyyət çəkən, təmiz suya çıxış imkanları məhdudlaşan, sosial-iqtisadi vəziyyətləri pisləşən yerli əhali 2021-ci ilin avqust ayından etibarən "Azvirt" MMC-nin baş direktoru Kamil Əliyevin maraqları naminə çayın qazılması və dağıdılmasından narazılıqlarının ifadəsi kimi yuxarı instansiyalara ünvanladıqları, mətbuatda ictimailəşdirdikləri şikayətlərində Qusar rayonunda Vəlvələ çayının ekoloji talanının ciddi araşdırılmasını və bu prosesə göz yuman şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Təklif edirlər ki, ETSN və digər aidiyyəti qurumlar təcili tədbirlər görməli, qanunsuz fəaliyyətlərə son qoymalıdır. Birmənalı şəkildə təkid edirlər ki, Elnur Cəlilovun fəaliyyəti obyektiv şəkildə araşdırılmalı və onun ekoloji cinayətlərdə rolu təsdiqlənərsə, hüquqi məsuliyyət daşımalıdır.
Nyus.Az


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti