“Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ

  • A-
  • A
  • A+
Araşdırma | Today, 15:54

[center][/center]
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Xaçmaz Rayon Məhkəməsinin qərarından narazıdır. Başçı ondan aldığı arpanın pulunu tələb edən Şabran rayonunun Uzunboyad kənd sakinləri – təqaüddə olan məktəb müəlliməsi Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradovun cəzalandırılmasını tələb edir.
[b]Musavat.com[/b] xəbər verir ki, Asif Hüseynov Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verib. İcra başçısı "arpa işi"ndə məhkəmənin onun xüsusi ittiham qaydasında verdiyi şikayəti qəbuledilməz hesab etməsi ilə barışımaq istəmir.
Asif Hüseynov 1 ilə yaxındır ki, Şabran, ardınca isə Xaçmaz rayon məhkəmələrində xüsusi ittiham qaydasında verdiyi şikayətin qəbul edilərək baxılmasına çalışıb. Lakin nəticə əldə edə bilməyib. Ən son qərarı iyulun sonrarında Xaçmaz Rayon Məhkəməsinin hakimi Samir Bayramov verib, icra başçısının şikayəti əsassız hesab edilərək təmin olunmayıb.
Beləliklə, icra başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa alması, pulunu ödəməməsi ilə bağlı mətbuata danışan kənd sakinlərini cinayət məsuliyyətinə cəlb etdirmək cəhdi nəticəsiz qalıb. İcra başçısı Asif Hüseynov Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradovunn Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyirdi.
Mübahisənin əsasını 2022-ci ildə baş verdiyi bildirilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır. Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, anası Səbirə Vəliyeva ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı rayon icra başçısına nisyə satıb, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq pulunu ala bilməyib.
Zərərçəkən tərəfin israrlı şikayətlərindən sonra Asif Hüseynov ana və oğluna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İşə Xaçmaz Rayon Məhkəməsindı baxılıb. Məhkəmə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayətini təmin etməyib. Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin son qərarı ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa pulu borcu ilə bağlı səsləndirilən iddialara görə, kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. Bu qərar xüsusi ittiham qaydasında aparılan prosesə yekun vurub. İcra başçısı qərarla barışmaq istəməyib və Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutub. Başçının “arpa işi” üzrə apellyasiya instansiyasına təqdim etdiyi şikayətə hələ ki, baxılmayıb.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti