[center]

[/center]
Bakının Nizami rayonu ərazisində yerləşən 251 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbiri ilə bağlı ciddi iddialar səsləndirilib.
Valideynlərin bildirdiyinə görə, 11-ci sinif şagirdlərindən "Son zəng" tədbirinin təşkili adı altında hər şagirddən ümumilikdə 1800 manata yaxın vəsait toplandığı iddia olunur.
Bizimesr.com bildirir ki, yığılan pullar restoran xərcləri, rəqs proqramı, foto və video çəkilişlər, dron xidməti, şarlar, gül-çiçək, vinetka və digər təşkilati işlər üçün nəzərdə tutulub.
İddialara görə, sinif rəhbərlərindən biri bu məqsədlə "WhatsApp" qrupu yaradıb və valideynlər tərəfindən edilən ödənişlərin çekləri həmin qrupda paylaşıb. Valideynlərin narazılığına səbəb olan məqamlardan biri də "müəllimlərlə sağollaşma pulu" adı altında əlavə vəsait toplanmasıdır. Bildirilir ki, bu məqsədlə hər şagirddən 140 manat pul yığılıb.
Bundan başqa, "Son zəng" tədbirinin keçirilməsi üçün seçilən "Ay işığı" restoranı ilə bağlı da suallar yaranıb. İddialara görə, restoran üçün hər şagirddən 150 manat vəsait tələb olunub. Lakin restorana müraciət edən valideynlərdən birinin sözlərinə görə, müəssisə nümayəndəsi bir nəfərlik xidmət haqqının təxminən 60-65 manat olduğunu bildirib və tələb olunan məbləğin yüksək olması təəccüb doğurub.
Qeyd edək ki, hər il "Son zəng" tədbirləri ilə əlaqədar məktəblərdə müxtəlif məbləğlərdə pul yığılması barədə şikayətlər gündəmə gəlir. Təhsil müəssisələrində hər hansı məcburi pul yığımının qanunvericiliyə zidd olduğu dəfələrlə vurğulansa da, valideynlərin bu istiqamətdə narazılıqları davam edir.(Bizimesr.com)