[center]

[/center]
Şərurda əlverişli vakant müəllim yerlərinin gizlədildiyi, rüşvət qarşılığında rəsmi müsabiqədən kənar bölüşdürüldüyü iddia olunur.
Müəllimlərin “[b]Gündəlik Naxçıvan[/b]”a bildirdiyinə görə, vakansiyaya əsasən şəhər mərkəzindən kənarda yerləşən, daha az cəlbedici boş yerlər çıxarılır. Şəhərə yaxın məktəblərdəki yerlərin isə Təhsil Şöbəsinin vasitəsilə ya rüşvət qarşılığında imtahandan keçməyən şəxslərə verildiyi, ya da başqa məktəblərdə çalışan müəllimlərlə ikinci iş yeri kimi müqavilə bağlanaraq bölüşdürüldüyü iddia edilir.
Şikayətçilər nümunə kimi Siyaqut kənd tam orta məktəbini göstərirlər. Onların sözlərinə görə, bu məktəbdə boş qalan ibtidai sinif müəllimi yeri müsabiqəyə çıxarılmayıb və başqa məktəbdə çalışan müəllimə ikinci iş yeri kimi verilib:
“İki ildir ki, həmin yer vakant olsa da, müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim edilməyib. Əvəzində Qarxun kənd tam orta məktəbində çalışan müəllimlə ikinci iş yeri kimi müqavilə bağlanıb. Ətrafda isə imtahandan keçən, işə ehtiyacı olan kifayət qədər savadlı müəllim var”.
Şikayətçilər bildirirlər ki, oxşar problem təkcə müəllim yerləri ilə məhdudlaşmır. Onların sözlərinə görə, məktəblərdə psixoloq vəzifələrinin bölüşdürülməsində də qeyri-şəffaflıq var.
Narazı müəllimlər iddia edirlər ki, bəzi hallarda imtahandan keçən namizədlər işsiz qaldığı halda, imtahanda uğur qazanmayan şəxslər məktəblərdə işləməyə davam edirlər:
“Psixoloq vəzifələrində də eyni vəziyyətdir. İmtahandan keçən adamlar kənarda qalır, amma imtahandan keçməyənlər məktəbdə işləyir. Sərxanlı kənd məktəbində psixoloq işləyən müəllim iki dəfə imtahandan keçməyib. Buna baxmayaraq, həmin müddətdə də vəzifəsində qalıb. Üçüncü dəfə isə necə keçdiyi sual doğurur”.
Şikayətçilər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi, bütün boş yerlərin vakansiya kimi elan olunmasını və imtahan-müsabiqə prosesinin şəffaf keçirilməsini tələb edirlər.