[center]

[/center]
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən "Sahil-S İnşaat" MTK sakinləri tərəfindən Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəmə sədri İnam Kərimova müraciət edilib. Anaxeber.info.az bildirir ki, müraciətdə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin çıxardığı iki hökmdən narazılıq ifadə olıunub.
Müraciətdə deyilir: Hörmətli sədr və Məhkəmə-Hüquq Şurası, biz MTK sakinlərinin müraciətinə səbəb tikinti şirkətinin dələduzluğa yol vermiş rəhbərliyi haqda çıxarılan hökmdən olan narazılığımızdır. 4 il davam edən məhkəmə istintaqından sonra nəhayət ki, "Sahil-S İnşaat" MTK rəhbəri Taley Alaverdiyevə və şəriki Pənah Kərimova hüququn üzünü tüpürərək hökm oxundu. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dələduzluqda təqsirləndirilən Taley Alaverdiyev 5 il azadlıqdan məhrum olundu, şəriki Pənah Kərimova isə 1 il şərti cəza verildi. 165 ailəni aldadan, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etdiyi sübuta yetirilmiş hər iki şəxsə Cinayət Məcəlləsinin tam ziddinə gedilərək yüngül cəza verildi. Hələ üstəlik, Pənah Kərimov azadlıqda daha bir cinayətə yol verib. Bu barədə bir qədər sonra detallı qeyd edəcəyik.
İndi isə biz hakimin çıxardığı bu hökmə etiraz edirik. Hər iki dələduz ağır cəzaya məhkum olunmalı idi. Ən əsası isə onlar vurduğu zərəri ödəməlidirlər. Məhkəmə Taley Alaverdiyev və Pənah Kərimovun əmlaklarının müsadirə edilməsi, zərər çəkənlərə dəyən ziyanın ödənilməsinin təmin olunması ilə bağlı qərar çıxarmalı idi. Amma biri 5 il həbs cəzası alır və il yarım sonra azadlığa çıxacaq, digərinə isə şərti cəza verilir.
Hörmətli Məhkəmə-Hüquq Şurası, hələ bu da ayrı məsələdir ki, belə bir hökmü oxumaq üçün 4 il məhkəmə proseslərini davam etdirməyə ehtiyac yox idi. İllərlə vətəndaşlar məhkəmələrə get-gələ salındı, nəticəsi də hakim Elnur Nuriyevin ədalətsiz qərarı oldu. Biz bu hökmün dəyişdirilib Pənah Kərimovun həbs olunmasını, ona ağır cəza verilməsini, əmlaklarının müsadirə edilməsini, Taley Alaverdiyevə də 5 ildən çox həbs cəzası verilməsini istəyirik. MTK rəhbəri 5 il həbs Hakim Elnur Nuriyev dələduzluğa yol vermiş, 165 ailənin həyatını illərdir cəhənnəmə çevirmiş bu şəxslərə niyə belə yüngül hökm oxumasını heç bir səbəblə izah etməyib. Yəni sözügedən dələduzların nə səhhətində problem var, nə himayəsində azyaşlı. O halda, hansı dələduzluq faktına görə indiyə qədər belə yumşaq hökm oxunub? Əksinə, bu maddə ilə təqsirləndirilən şəxslər ən azı 9-12 il müddətinə azadlıqdan məhrum edilib. Hakim Elnur Nuriyev isə bir "tarixi" və "nümunəvi" qərar verib, hakimlər arasında "rekorda" imza atıb. Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin apardığı istintaqla hər iki şəxsin maddi sübutlar, zərər çəkənlərin ifadələri ilə dələduzluq əməlləri sübuta yetirilib. Amma prokurorluğun apardığı obyektiv istintaqın qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev qeyri-obyektiv, ədalətsiz hökm çıxardı.
İndisə gələk, işin detallarına. Necə oldu ki, hakim Nuriyev Taley Alaverdiyevi və Pənah Kərimovu sözün əsl mənasında böyük dələduzluq işindən xilas etdi, 165 ailəni isə yenə də hüquqi problemlərlə üz-üzə qoydu...
Əvvəlcə, Pənah Kərimovdan başlayaq. Məhz bu şəxs MTK rəhbəri ilə şərik olandan sonra bir mənzilin bir neçə adama satılmasına başlanıb. Ona qədər belə saxtakarlıq halları yox idi və Pənah Kərimov Taley Alaverdiyevi bu "yola" çəkə bilib. İstintaqın sübuta yetirdiyi bu dələduzluq faktına baxmayaraq, hakim Elnur Nuriyev Pənah Kərimovu "təcili tibbi müdaxilə" adı ilə ev dustaqlığına buraxıb. Zərər çəkmiş sakinlərə məlum olub ki, Pənah Kərimovun səhhətində problem yoxdur və hər hansı əməliyyat olunmayıb. Bu, saxtakarlığın bir forması. Ancaq hakim Nuriyev hansısa səbəbdən və ya maraqdan irəli gələrək Pənah Kərimova bu şəraiti yaradıb. Hərçənd ölkədə marketdən ərzaq oğurlayana heç məhkəmə bu qədər yumşaq davranmır. 165 ailəyə ev problemi yaradan, indiyə qədər dəymiş zərəri ödəməyən Pənah Kərimov bəhanə ilə ev dustaqlığına buraxılıb. Bu da azmış kimi, onun azadlıqda daha bir cinayət işi üzə çıxıb. Hakimin azad etdiyi bu şəxs "səhhətində problem" adı ilə "Sea Breeze"də tikinti işinə girişib. Bu yaxınlarda məlum olub ki, Pənah Kərimov orada da dələduzluq edib və artıq barəsində cinayət işi açılıb. Bəs hakim Elnur Nuriyev buna necə izah verəcək? Cinayətkarı azad etməyin özü belə məsuliyyət deməkdir və həmin şəxsin növbəti cinayəti törətməsinə şərait yaratmaqdır. Amma bu əməllərin sahibi olan Pənah Kərimova cəmi 1 il şərti cəza verilib. Yəni hüquqa, Cinayət Məcəlləsinə, Azərbaycan konstitusiyasına böyük hörmətsizlik olunub.
Cənab İnam Kərimov və Məhkəmə-Hüquq Şurası, biz 165 ailə dövlətdən və məhkəmədən ədalətli, obyektiv qərarın qəbul olunmasını gözləyirik. İnanırıq ki, hakimin verdiyi qeyri-obyektiv hökmə yenidən baxılacaq, illərimizi əlimizdən alan bu cinayətkarlara layiqli cəza veriləcək.
Anaxeber.info.az