[center]

[/center]
Naxçıvanda məzun geyimi ilə bağlı fərqli qaydalar bəzi valideynlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, şəhər məktəblərinin məzunlarına sərbəst geyimə icazə verildiyi halda, kənd məktəblərinin şagirdlərindən tədbirdə yalnız məktəbli forması ilə iştirak etmələri tələb olunur.
Valideynlərin “[b]Gündəlik Naxçıvan[/b]”a verdikləri məlumata görə, əvvəlcə kənd məktəblərinə də sərbəst geyimə icazə verilib. Bu səbəbdən məktəblərdə valideynlər razılaşaraq şagirdlər üçün eyni üslubda geyim seçiblər.
Valideynlərin əksəriyyəti həmin geyimləri artıq alıb və ya sifariş verib. Sonradan qərarın dəyişdirilməsi isə onların əlavə ziyana düşməsinə səbəb olub.
Kənd məktəblərinə münasibətdə ayrı-seçkilik edildiyini düşünən valideyn Səma Fətullayeva ikiqat maddi ziyana düşdüyünü deyir:
“Mart ayında dedilər ki, bütün məktəblərdə məzun geyimi sərbəstdir, valideynlər öz aralarında razılaşıb vahid geyim seçsinlər. Bizim kənddə də valideynlər razılaşıb bir stil seçdik. Əksəriyyət artıq həmin geyimləri alıb. Mən də oğlum üçün təxminən 100 manata geyim aldım. Məzun gününə az qalmış isə deyirlər ki, kənd məktəblərinin şagirdləri məktəbli forması geyinməlidir.
Mənim oğlumun məktəbli forması köhnəlib, onunla məzun gününə getmək istəmir. İndi məcburam əlavə xərc çəkib yeni forma alım. Halbuki onu bir dəfə geyinəcək, sonra isə kənara qoyacaq. Bizi niyə xərcə salırlar? Əgər qayda varsa, hamıya eyni cür tətbiq olunmalıdır. Kənd uşaqlarını niyə fərqləndirirlər?”
Digər valideyn Vasif Abbasov da qərardan narazıdır:
“Bu ayrı-seçkiliyin niyə edildiyini anlamıram. Çox valideyn xeyli xərc çəkib, borc-xərclə sərbəst geyim alıb. İndi isə çoxu məcburdur yenidən məktəbli forması alsın. Yaxşı ki, mən hələ sərbəst geyimi almamışdım. Yoxsa digərləri kimi pulum batacaqdı. Amma indi onun yerinə yeni məktəbli forması almalıyam. Çünki qızımın forması köhnəlib, tədbirə geyinməyə uyğun deyil. Məcburam yeni forma alım və onu bir dəfə geyindikdən sonra kənara qoyum. Sərbəst geyim olsaydı, tədbirdən sonra da istifadə etmək mümkün idi.”
Valideynlər qərarın yenidən nəzərdən keçirilməsini və qaydaların bütün məktəblərə eyni şəkildə tətbiq olunmasını istəyirlər.