[center]

[/center]
"Su İdmanı Sarayı"nda fəaliyyət göstərən Bədii Gimnastika Klubunda yaranmış vəziyyətlə bağlı şikayətlər artır.
[b]Pravda.az[/b] xəbər verir ki, bu barədə jurnalist Aysel Hacıyeva bildirib.
Onun sözlərinə görə, Bədii Gimnastika Klubunda yaranmış vəziyyət artıq dözülməz həddə çatıb: “Valideynlər olaraq susmaq niyyətində deyilik. Ölkəmizdə bədii gimnastikanın inkişafı cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində mümkün olub. Lakin hazırda "Su İdmanı Sarayı"nda müşahidə etdiyimiz vəziyyət bu yanaşma ilə ziddiyyət təşkil edir. Xüsusilə, qeyd etmək istəyirik ki, kompleksin direktoru Əjdər Abbasovun rəhbərliyi dövründə valideynlərlə və idmançılarla effektiv ünsiyyət, qarşılıqlı anlaşma formalaşmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, mövcud problemlər həll olunmamış qalır. Əvvəla, gimnastların geyimlərinin üzərində çürümüş xalçanın ovuntuları yapşır. Uşaqlar bununla nəfəs alırlar, ciyərləri sıradan çıxır. Bir ildir, şikayət edilməsinə baxmayaraq problem həllini tapmır. Bədii gimnastika ilə peşəkar məşğul olunan zalda xalçanın altında olmalı olan qoruyucu təbəqə yoxdur. Neçə-neçə uşaq dizlərindən və bədənin digər nahiyyələrindən zədə alıb. Bu barədə Su İdmanı Sarayının direktor və digər əməkdaşlarına məlumat verilib, lakin uşaqların sağlamlığı onları maraqlandırmır”.
A.Hacızadənın sözlərinə görə, Bədii Gimnastika Klubunda 60 uşağa cəmi bir xoreoqraf və iki məşqçi xidmət göstərir: “Milli komandanın sabiq üzvü Yelizaveta Luzanın könüllü dəstəyinə imkan verilmir. Beş aydan çox müddətdə idmançılara xoreoqrafiya dərsləri keçirilməyib. Çünki kompleksin direktoru Əjdər Abbasov maliyyə problemlərinin olduğunu vurğulayıb. Gimnastika xalçası yararsız vəziyyətdədir və uşaqların sağlamlığı real təhlükə altındadır. Bir neçə ay öncə iki məşqçi şəraitsizlik səbəbindən Klubu tərk etdi. Onların yerinə eyni sayda məşqçi cəlb olunmalı olduğu halda yalnız bir məşqçi işə götürülməyib.Bu hal idmançıların hazırlıq səviyyəsinə və yarış nəticələrinə ciddi mənfi təsir göstərir. Klub fəaliyyət göstərdiyi müddətdə idmançılar yerli və beynəlxalq yarışlarda əsasən öz ailələrinin maddi dəstəyi ilə iştirak edib, klub tərəfindən isə heç bir maddi dəstək göstərilməyib. Bununla yanaşı qeyd etmək istərdik ki, Azərbaycan milli komandasının keçmiş üzvü, üçqat Olimpiya iştirakçısı və finalçısı, V İslam Həmrəyliyi Oyunlarının finalçısı və bədii gimnastika üzrə idman ustası Yelizaveta Luzan könüllü şəkildə uşaqlarla işləmək və dəstək olmaq istədiyini bildirsə də, direktor tərəfindən onun məşqlərə qatılmasına icazə verilmir".
Məsələ ilə bağlı Pravda.az "Su İdman Sarayı"na sorğu göndərsə də, suallarla bağlı mövqe bildirilməyib.
Qeyd: "Su İdmanı Sarayı"nın direktoru Əjdər Abbasov İsmayıl oğludur.