[center]
[/center]
Sabunçu rayonunun Pirşağı ərazisində, yol kənarında yerləşən çörək zavodunun yaxınlığında aparılan tikinti ilə bağlı yeni faktlar ortaya çıxıb. Əraziyə baxış zamanı tikinti qaydalarının kobud şəkildə pozulduğu açıq şəkildə görünür.
Müşahidələr zamanı məlum olub ki, obyektdə hörgü işləri ilə eyni vaxtda aqlay üzləmə aparılır. Bu isə tikinti normalarına zidd hesab olunur. Hazırda tikilən obyektin ümumiyyətlə hansı təyinatlı olduğu da məlum deyil – konstruksiya qurulur, yoxsa yeni obyektin təməli qoyulur, bu barədə heç bir məlumat lövhəsi və ya rəsmi sənəd yoxdur.
Tikintidə çalışan icraçı bildirib ki, işlərə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı
Adil Vəliyev
tərəfindən icazə verilib və bu səbəbdən tikinti aparılır.
Lakin qanunvericiliyə görə icra hakimiyyəti tikintiyə icazə verən orqan deyil. İcra hakimiyyəti yalnız ərazidə aparılan tikintilərin qanunvericiliyə uyğun olub-olmamasına nəzarət edən qurumlardan biridir. Tikintiyə rəsmi icazə isə müvafiq şəhərsalma və memarlıq orqanları tərəfindən verilməlidir.
Buna baxmayaraq, tikintidə iştirak edən şəxslər iddia edir ki, icra başçısının icazəsi kifayətdir və əlavə sənədə ehtiyac yoxdur. Bu iddia isə vəziyyəti daha da şübhəli edir.
Ortaya çıxan digər suallar isə bunlardır:
FHN bu tikintiyə niyə nəzarət etmir?
Hüquq-mühafizə orqanları niyə araşdırma aparmır?
Tikintinin layihəsi və icazə sənədləri haradadır?
Qeyd edək ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb. Şəhərsalma və Memarlıq qurumundan isə bildirilib ki, araşdırma aparılacaq və əlavə məlumat veriləcək.
Fotolar həmin ərazidə aparılan tikintinin real vəziyyətini əks etdirir.(Bakunews.tv)