90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -"YENİ REKORD"(?)

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 12:47

[center][/center]
Hər layihəyə cəmi 3 dəqiqə vaxt ayrıldığını fərz etsək, 602 layihənin müzakirəsi üçün ən azı 30 saat vaxt lazımdır. Maraqlıdır ki, bütün bu proses cəmi 1 saat 30 dəqiqə ərzində başa çatıb(?)
Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə formalaşmış Müşahidə Şurası ilk iclasını keçirib və 2026-cı il üzrə qrant müsabiqələrinin nəticələrini təsdiqləyib. Agentliyin yaydığı qısa açıqlamada qeyd olunur ki, böyük, orta və kiçik qrant müsabiqələrinin, eləcə də BP və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilən müsabiqələrin nəticələri müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial qaydada müzakirə edilib və təsdiqlənib.
Kağız üzərində hər şey qaydasındadır. Hətta çox ideal görünür. Amma, bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumatlarla və məsələyə bir az sadə məntiqlə yanaşanda ortaya fərqli, qəribə bir mənzərə çıxır.
Müzakirəyə çıxarılan layihələrin sayı 602-dir.
Normal praktika belədir ki, hər layihə ən azı iki müstəqil ekspert tərəfindən qiymətləndirilir. Bu rəylər əsasında Müşahidə Şurası layihələrə baxır, müzakirə aparır və qərar verir. Hətta ən sürətli və minimal müzakirə formatını götürsək belə, bir layihə haqqında qərar vermək üçün azı 3 dəqiqə vaxt tələb olunur. Kimsə əlavə fikir bildirmək istəsə, bu müddət asanlıqla 5–6 dəqiqəyə qədər uzana bilər.
Amma gəlin ən sadə hesablamaya baxaq: hər layihəyə cəmi 3 dəqiqə vaxt ayrıldığını fərz edək. Bu halda 602 layihənin müzakirəsi üçün ən azı 30 saat vaxt lazımdır.
Maraqlı məqam isə ondan ibarətdir ki, bütün bu proses cəmi 1 saat 30 dəqiqə ərzində başa çatıb(?)
Yəni təxminən 30 saatlıq müzakirə 90 dəqiqəyə yerləşdirilib.
Bu artıq sadəcə operativlik deyil. Bu, idarəetmə tarixində yeni bir rekord kimi təqdim edilə bilər. Çünkü donor və qrant idarəçiliyi praktikasında bu cür sürətli “kollegial müzakirə” nümunəsinə rast gəlmək çətindir.
İclasdan yayılan foto da vəziyyəti daha da düşündürücü edir. Masanın üzərində yüzlərlə layihənin müzakirəsinə uyğun sənəd yığını görünmür. Əksinə, hər kəsin qarşısında cəmi bir neçə hazır siyahı var. Bu isə istər-istəməz belə bir təəssürat yaradır ki, burada yüzlərlə layihənin analizi yox, artıq formalaşmış siyahının təsdiqi prosesi gedib.
Əgər əvvəlki illərin təcrübəsinə baxsaq, fərq daha aydın görünür. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövründə 500–600 layihənin müzakirəsi üçün bir neçə gün davam edən iclaslar keçirilirdi. Layihələr ayrıca baxılır, müzakirələr aparılır, sonda isə yekun qərar qəbul edilirdi.
İndi isə görünür ki, idarəetmədə inanılmaz bir sürət əldə olunub. Bir neçə gün davam etməli olan proses artıq bir saat yarıma sığır.
Təbii ki, belə operativliyin iki izahı ola bilər. Ya biz qrantların qiymətləndirilməsi sahəsində tamamilə yeni və inqilabi bir metodun şahidi oluruq, ya da “müzakirə” adlandırılan proses əslində formal bir mərasimdən ibarət olub.
Çünki elementar hesab göstərir ki, 602 layihəni real müzakirə etmək üçün 90 dəqiqə kifayət etmir.
Bu halda ortaya çox sadə, amma ciddi bir sual çıxır: əgər qərarlar əvvəlcədən müəyyənləşdirilmişdisə, onda yüzlərlə QHT-ni niyə müsabiqə prosesinə cəlb etmək lazım idi?
Əgər müzakirə formal xarakter daşıyırsa, o zaman “kollegial müzakirə” ifadəsi sadəcə protokol cümləsinə çevrilir.(Yenixeber.org)
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti