Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda: Saleh Məmmədov amili... - İLGİNC İDDİALAR

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 19:03

[center][/center]
Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Saleh Məmmədovun ətrafında qalmaqal bitmir. Mətbuatın yazdığına görə, hazırda qurumda yoxlamalar aparılır. Məqsəd keçmiş sədrin dövründə qanunsuzluğa yol verilib-verilmədiyini aydınlaşdırmaqdır.

Yenə mətbuatın iddiasına görə, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq. Bu məsələ ilə bağlı S.Məmmədovun bağ evində ölkənin müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.

İclasda iştirak edənlərdən biri də AAYDA-nın 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov olduğu bildirilir.

“Yeni Sabah”ın xəbərinə görə, A.Dəmirovun adı ilk dəfə deyil ki, qalmaqalda hallanır.

Məlumata görə, o, keçmiş təhsil naziri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanovun xalası oğludr. M.Mərdanov təhsil naziri olduğu dövrdə Allahverdi Dəmirov nazirliyin Əsaslı Tikinti İdarəsinin rəisi işləyib. Onu elə M.Mərdanov özü cəzalandırıb - 2011-ci ilin oktyabrında vəzifəsindən azad edib.

Amma elə-belə yox böyük qalmaqalla. Həmin dövrdə Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) yaydığı məlumatda bildirilib ki, Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində nazirlik tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Nazirliyin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

2016-cı ilin mayında A.Dəmirova cinayət işi açılıb. “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib. Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.

S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına verilib. Cinayət işi üzrə hansı qərarın çıxarıldığı məlum deyil.

Bütün bunlara baxmayaraq, Saleh Məmmədov 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri təyin olunandan sonra Allahverdi Dəmirovu öz yanına gətirib, ona vəzifə verib. İndi də onun işində adı hallanan əsas adamlardan biri A.Dəmirovdur.

Qeyd edək ki, Allahverdi Dəmirov geniş biznes şəbəkəsinə malikdir. Onun Bakıda və rayonlarda obyektləri var.

A.Dəmirovun övladı vəzifəli şəxsdir. Oğlu Seyfəddin Dəmirli Binəqədi rayonunun Biləcəri qəsəbə nümayəndəsidir.

“Yeni Sabah”


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti