[center]

[/center]
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin «Temu» şirkətinə qarşı iş qaldırmağa hazırlaşır.
Bizimesr.media bildirir ki, söhbət «Temu»nun Azərbaycandakı təmsilçisi olan «PDD Holdings” şirkəti barəsindədir. Antiinhisar Agentliyi bu barədə araşdırmanı rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə başlamışdı.
Agentlik “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edərək araşdırmaya başlayıb.
Araşdırma, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əsası ilə başlanılıb.
Nəticədə Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Yəni rəqabət komissiyası bu məsələ ilə bağlı iş qaldırılıb qaldırılmaması məsələsinə baxacaq.
Xatırladaq ki, belə hallarda Rəqabət Məcəlləsinin 43-cü maddəsinə əsasən rəqabət qanunvericiliyinin pozulmasına dair müraciətlər, mediada yayımlanan məlumatlar, monitorinq və təhlillər əsasında rəqabət orqanı tərəfindən araşdırmalara başlanılır.
Aparılmış araşdırmanın nəticəsində qanunvericiliyin pozulması əlamətləri müəyyən edildikdə həmin quruma qarşı iş qaldırılır.
Qanunvericiliyin pozulması əlamətləri müəyyən edilmədikdə isə araşdırmaya xitam verilir və icraat dayandırılır.
Eyni zamanda Rəqabət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır.