[center]

[/center]
Məşhur rejissor Kristofer Nolanın “Odissey” filmi dünya prokatının ilk həftəsonunda 264,1 milyon dollar (təxminən 449 milyon AZN) toplayıb.
Bu barədə “Variety” nəşri məlumat yayıb.
Bildirilib ki, “Universal” kinostudiyasının istehsalı olan bu film K.Nolanın filmləri arasında debütdə ən çox qazanc əldə edən film olub. Bununla o, ilk həftəsonunda 249 milyon dollar (təxminən 423 milyon AZN) toplayan “Qara Cəngavər: Əfsanənin dirçəlişi” (2012) filminin nəticəsini üstələyib.
“Odissey” həmçinin ilin ən böyük kino debütləri arasında üçüncü yeri tutub. Bu göstəricidə o, yalnız “Super Mario Galaxy filmi” (372,5 milyon dollar) və “Oyuncaq hekayəsi 5”dən (312 milyon dollar) geri qalıb.
Artıq 73 ölkədə nümayiş olunan film ABŞ və Kanadada 124,5 milyon dollar, beynəlxalq bazarlarda isə 139,6 milyon dollar qazanıb.
Premyerası iyulun 17-də baş tutan “Odissey”in IMDb balı 8,4/10 bal təşkil edir. Bu bal 121 min qiymətləndirmə əsasında formalaşıb.
Qeyd edək ki, Homerin eyniadlı poeması əsasında ekranlaşdırılmış “Odissey” filmi Troya müharibəsinin başa çatmasından sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına evə qayıtmağa çalışan İtaka çarı Odisseyin macəralarından bəhs edir. Filmdə baş rolu Mett Deymon ifa edib. Ekran əsərində həmçinin Tom Holland, Enn Hetuey, Robert Pattinson, Zendeya, Şarliz Teron kimi Hollivud ulduzları yer alıb.