“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi respublika ərazisində yollarda nişanlanma işlərinə sərf etmək üçün planlaşdırdığı vəsaitin həcmini açıqlayıb.
XALQ-ın xəbərinə görə, məbləğ 29 854 737 AZN-dir. Hələlik şirkətlərin müraciətləri dəyərləndirilir, qalib şirkətin adı yaxın vaxtlarda açıqlanacaq.
Lakin söhbət az qala 30 milyon manatdan gedir və bu rəqəm cəmiyyətdə haqlı suallar doğurur.
Yol nişanlanması yeni magistralın tikintisi deyil, körpü inşası deyil, asfaltlanma deyil. Bu, mövcud yol örtüyünün üzərinə xətlərin, zebra keçidlərinin, istiqamət oxlarının və digər nişanların çəkilməsidir. Bəs belə bir texniki iş üçün 30 milyon manat nə dərəcədə əsaslandırılmışdır?
Orta bazar qiymətlərinə görə, iki zolaqlı sadə yolda nişanlanma xərci təxminən 10-15 min manat, çoxzolaqlı və mürəkkəb şəhər yollarında isə 20-30 min manat civarındadır. Hətta yüksək qiymət 30 min manat/km götürülsə belə, 30 milyon manatla təxminən 1000 kilometr yol nişanlamaq mümkündür.
Bu isə kifayət qədər böyük həcmdir. Belə çıxır ki, ayrılan vəsait ölkə üzrə geniş yol şəbəkəsini əhatə edə biləcək səviyyədədir? O halda sual yaranır – konkret olaraq hansı yollar, hansı həcmdə və hansı materialla nişanlanacaq? AYNA indiyə qədər belə statistika açıqlamır.
Təcrübə göstərir ki, bəzi hallarda çəkilən xətlər bir neçə ay sonra silinir və eyni yollar yenidən nişanlanır. Əgər bu dəfə də qısaömürlü adi yol boyasından istifadə olunacaqsa, 30 milyon manatın səmərəliliyi ciddi şübhə altına düşür.
Bu məbləğ bir neçə rayonun illik sosial və abadlıq xərclərinə bərabərdir. Onlarla sosial obyektin tikintisi və ya əsaslı təmiri üçün yetərli ola biləcək vəsaitin sadəcə yol xətlərinə yönəldilməsi ciddi izahat tələb edir.
Şəffaflıq olmadığı halda isə belə iri rəqəmlər istər-istəməz “şişirdilmiş tender” sualını gündəmə gətirir. Bizimesr.az